
Bakı. Trend:
Antiterror tədbirləri zamanı şəhid olan polis və daxili
qoşunların əməkdaşlarının əziz xatirəsinə həsr olunan idmanın cüdo
növü üzrə Daxili İşlər Nazirliyinin (DİN) açıq çempionatı
keçirilib.
Trend xəbər verir
ki, DİN-in İdman Cəmiyyəti və Əlahiddə Çevik Polis Alayının (ƏÇPA)
təşkilatçılığı ilə keçirilən turnirdə polis əməkdaşları ilə yanaşı,
digər dövlət orqanlarının xüsusi rütbəli əməkdaşları da güclərini
sınayıblar.
Yarışı izləyənlər arasında şəhidlərin ailə üzvləri, onların
valideynləri, övladları, Nazirliyin və digər dövlət qurumlarının
yüksək rütbəli əməkdaşları, Azərbaycan Cüdo Federasiyasının
nümayəndələri və digər qonaqlar da olublar. Yarışdan əvvəl
Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü
uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla
yad edilib, Dövlət Himni səsləndirilib. Şəhid ailələrinin
nümayəndələri Vətən uğrunda canlarını fəda etmiş oğullarının əziz
xatirələrinin həmişə uca tutulduğunu və onların daim ölkə
rəhbərliyinin xüsusi qayğısı ilə əhatə olunduqlarını
vurğulayıblar.
Daha sonra yarışlara start verilib. Qalib idmançılar medal,
fəxri fərman və qiymətli hədiyyələrlə təltif ediliblər. DİN-in cüdo
komandası çempionatın yekununda qalib gəldiyi üçün xüsusi kubokla
təltif edilib.

