
Bakı. Trend:
Banklar və “Azərpoçt” MMC sistemləri üzrə bu ilin oktyabr ayının
sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən
334 min ədəd artaraq 21 milyon 701 min ədəd təşkil edib.
Trend bu
barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu
göstərici 13.3% artıb. Bildirilib ki, ödəniş kartlarında debet
kartlarının sayı 16% artıb, kredit kartlarının sayı isə 5.2%
azalıb.
“Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət
təsir göstərib. Belə ki, oktyabr ayı ərzində ölkədaxili nağdsız
əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 17.6%
artıb. 2025-ci ilin oktyabr ayı ərzində kartlar vasitəsilə həyata
keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8,825 milyon manat
təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 7,776 milyon
manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1,045 milyon
manatı POS-terminallar, 4 milyon manatı isə özünə xidmət
terminalları və bankomatların vasitəsilə gerçəkləşdirilib. İlin
əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların
həcmi ölkədaxili kart əməliyyatlarının 67.5%-ni təşkil edib”, –
məlumatda vurğulanıb.
Eyni zamanda qeyd edilib ki, banklar və “Azərpoçt” MMC ödəniş
xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur. Belə ki,
keçən ilin oktyabr ayının sonu ilə müqayisədə bankomatların sayı
8.1%, POS-terminalların sayı 60.4% artıb.

