
Bakı. Trend:
“Neftçi” Samir Abasov ilə yollarını ayırıb.
Trend xəbər verir ki, bu
barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Samir Abasova ötən ilin oktyabrında müqavilə
bağlanandan indiyədək rəhbərlik tərəfindən hər cür dəstək
göstərilib, o cümlədən transfer fəaliyyəti və komanda quruculuğunda
ona tam səlahiyyət verilib.
Mövsümlərarası fasilədə və mövsüm başlayandan sonra həyata
keçirilmiş 14 transferin hamısı baş məşqçinin istəyi və təsdiqi ilə
baş tutub, o cümlədən komandanı tərk edən oyunçularla bağlı bütün
qərarları baş məşqçi verib.
Müqavilə bağlanarkən Samir Abasovun qarşısına hədəf kimi
yaradıcı və hücum futbolu sərgiləmək, komandanın iştirak etdiyi
bütün turnirlərdə ən yüksək nəticələrə nail olmaq qoyulub.
Bununla belə, keçən 12 tur ərzində nə komandanın inkişaf
dinamikası, nə də turnir cədvəlində qərarlaşdığı yer qənaətbəxş
deyil. Baş məşqçi tərəfindən mövsüm ərzində komandanın oyundan
oyuna yüksələn xətlə gedəcəyi, noyabr ayında futbolçuların
formasının ən yüksək pilləsinə çıxacağı vəd edilsə də, son
qarşılaşmalarda oyun keyfiyyətinin aşağı düşməsi müşahidə edilib.
12 oyunda qazanılan cəmi 3 qələbə arzuolunan sayılmayıb, “İmişli”
ilə görüşdəki məğlubiyyət isə enişin kulminasiya nöqtəsi olub.
Samir Abasovun “Neftçi”də həm oyunçu, həm də məşqçi kimi
xidmətlərini, həmçinin bumövsümkü fəaliyyətində göstərdiyi
çalışqanlığı nəzərə alaraq, peşəkar etika naminə özünün istefa
verməsi klub tərəfindən ona təklif edilib.
Öz növbəsində Samir Abasov gətirilən arqumentlərlə
razılaşmayaraq, cari nəticələrin elə də pis olmadığını, hazırkı
uğursuzluqların bilavasitə onun məşqçi fəaliyyəti ilə deyil,
təsadüfi faktorlarla bağlı olduğunu iddia edib, mövsümün sonunda
komandanın ilk “üçlüy”ə düşəcəyini söyləyib. İstefa verməkdən
imtina edərək bildirib ki, klub onunla müqaviləyə birtərəfli
qaydada xitam verəcəyi təqdirdə tam həcmdə təzminat tələb etmək
fikrindədir.
Qeyd olunanları nəzərə alaraq, “Neftçi” Samir Abasovu istefaya
göndərib.
Hazırda yeni baş məşqçi axtarışları davam edir. Komandanı “Turan
Tovuz”la noyabrın 28-də keçiriləcək qarşılaşmaya hazırlamaq Sənan
Qurbanova həvalə edilib.
Qeyd edək ki, “Neftçi” Misli Premyer Liqasında 12 turdan sonra
15 xal ilə səkkizinci pillədə qərarlaşıb.

