
Bakı.Trend:
COP29-un miqyası, təşkilatçılıq səviyyəsi, iştirakçıların sayı
və qəbul olunmuş qərarların keyfiyyəti ilə beynəlxalq ictimaiyyətin
yaddaşına qazındığı bir zamanda, ard-arda problemlərlə üzləşən
COP30 tam fərqli mənzərə yaradır. Biri qlobal iqlim gündəmini
toparlayan, proseslərə dinamizm gətirən möhtəşəm bir tədbir kimi
dəyərləndirilirsə, digəri koordinasiya çətinlikləri, gecikmələr və
siyasi anlaşılmazlıqlarla gündəmdədir. Bu ziddiyyət, iqlim
sammitlərinin gələcək etibarlılığı və effektivliyi baxımından mühüm
suallar doğurur və iki tədbirin müqayisəsi qlobal iqlim
diplomatiyasının hansı istiqamətə doğru dəyişdiyini anlamaq üçün
xüsusi əhəmiyyət kəsb edir.
Siyasi ekspert Şəhla Cəlilzadə mövzuyla bağlı Trend-ə açıqlamasında
bildirib ki, Bakıda keçirilən COP29 tədbiri tarixin ən uğurlu COP
tədbirlərindən biri olaraq yadda qaldı. Məhz burada qlobal iqlim
dəyişikliyi ilə mübarizədə on ildir gözlənilən mühüm irəliləyişlərə
və əhəmiyyətli nəticələrə nail olunduğunu, həmçinin “yaşıl
iqtisadiyyat”a keçid üçün tarixi bir mərhələnin başladığını demək
olar.
“2015-ci ildə qəbul olunan Paris İqlim Sazişinin 6-cı maddəsinin
2 və 4-cü bəndləri 9 il sonra məhz Bakıda tam olaraq razılaşdırıldı
və təsdiqini tapdı. Son 15 ildə məhz Bakıda 300 milyard dollar
həcminə yeni iqlim maliyyə hədəfi müəyyən olundu. Belə ki, 2009-cu
ildə qəbul edilmiş 100 milyard dollar həcmində iqlim maliyyə
hədəfinə 2022-ci ildə nail olunmuş, yeni hədəf uğrunda mübarizə
gedirdi. Bakıda 2035-i ildən sonrakı növbəti iqlim maliyyə
hədəfinin 1.3 trilyon dollar elan edilməsi uğurlu nəticələrdən biri
kimi qeyd oluna bilər. Yüksək inteqrasiya olunmuş qlobal karbon
bazarlarının fəaliyyətə başlaması üçün dövlətlərarası razılaşma
əldə olundu. İtki və Zərər Fondu tam olaraq institutlaşdı. Bir sıra
vacib sənədlər imzalandı. Mühüm vədlər verildi, məsələn Böyük
Britaniya 2035-ci ilə qədər karbon emissiyalarını 1990-cı il
səviyyəsindən 81% azaldacağına dair iqlim hədəfini elan etdi.
Avstraliya iqlim dəyişikliklərindən zərər çəkən ən həssas insanlara
bu zərəri bərpa etmək üçün qlobal İtki və Zərər Fonduna 32,5 milyon
ABŞ dolları ayıracağını bəyan etdi və sair. Bütün bunlar, həmçinin
Bakı Adaptasiya Yol Xəritəsinin yaradılması şübhəsiz ki, iqlim
dəyişmələri ilə mübarizədə dönüş nöqtəsi hesab olunur. COP30-da hər
hansı xüsusi irəliləyiş əldə oluna bilməsə də, Tropik meşələrin
qorunması üçün Fondun təsis olunması, həmçinin əlavə olaraq 11
ölkənin karbon emissiyasının azaldılması öhdəliyi götürməsi
diqqətçəkicidir”.
O bildirib ki, COP29 təhlükəsizlik baxımından olduqca uğurlu
təşkil olunmüşdü. Halbuki, Braziliyada başa çatan COP tədbirində
yanğın baş verib.
“Böyük Britaniyada, Qlazqoda keçirilən 26-cı COP tədbiri 100
mindən çox insanın iştirakilə keçirilən etiraz aksiyası ilə,
Fransada, Parisdə baş tutan COP21 terror hücumu və şəhərdə
fövqəladə vəziyyətin elan olunması ilə, Danimarkada, Kopenhagendə
baş tutan COP15 iqlim aktivistlərinin kütləvi həbsi ilə (900-dən
çox insan həbs olunmuşdu), Polşada keçirilən COP24 kəskin hava
şəraitinin yaratdığı logistik problemlərlə yadda qalmışdı. COP29
tədbiri zamanı isə hətta anti-Azərbaycan qüvvələrin Bakıya gəlmiş
rəsmi, o cümlədən media nümayəndələri də ölkəmizin təşkilatçılığı
ilə bağlı kiçik qüsurlar belə müəyyən edə bilməmişdi”.
Siyasi ekspert qeyd edib ki, COP29 yekununda qəbul edilən
qərarlar bəşəriyyətin gələcəyi üçün müstəsna önəm daşımaqla bərabər
Azərbaycanın təşkilatçılıq və liderlik qabiliyyətini, o cümlədən
beynəlxalq nüfuzunu bir daha nümayiş etdirib.
“Bütün tərəflərin yekdilliklə COP29-un yüksək səviyyədə
təşkilinə görə Azərbaycana rəsmi şəkildə təşəkkür elan olunması
barədə qərar qəbul etməsi bunun bariz göstəricisidir. Keçmiş ABŞ
Prezidenti Co Bayden də COP29-da əldə edilən razılaşmanı “tarixi
nəticə” kimi qiymətləndirib və COP29 Azərbaycan prezidentliyini və
tərəfləri buna görə təbrik etmişdi. COP29 Azərbaycanın təhlükəsiz,
sülhməramlı və nəticəyönümlü danışıqlar platforması olması haqda
mövcud imici bir daha möhkəmləndirmişdir. Elə bu nəticəyönümlü
danışıqlar sayəsində növbəti COP tədbirinin keçiriləcəyi məkan
olaraq qardaş Türkiyə müəyyən olunub”,-deyə o əlavə edib.
Siyasi ekspert Kazım Kazımov Trend-ə açıqlamasında bildirib ki, Bakıda
keçirilən COP29 tədbiri iqlim zirvələri tarixinə öz adını qızıl
hərflərlə həkk etdi və bütün parametrlər üzrə COP29 və COP30-u
müqayisə edərkən ortaya çıxan böyük fərq bütün dünya tərəfindən
aydın şəkildə görülür.
“1 il əvvəl Bakıda keçirilmiş COP29 həm təşkilatçılıq, həm
iştirakçılıq, həm də qəbul olunmuş qərarların çəkisi baxımından
nümunəvi bir format idi. COP29-un rəsmi prioriteti sürətli və
davamlı emissiya azaldılmasıydı. Bu mesaj qlobal iqlim
diplomatiyasının tonunu dəqiq müəyyənləşdirirdi. Ən önəmli məqam
ondan ibarət idi ki, COP29-da inkişaf etməkdə olan ölkələr üçün
maliyyə təminatını gərgin danışıqların sonunda konkret illik hədəfə
ən azı 300 milyard ABŞ dollarına bağlamaq mümkün oldu. Bu, uzun
illərdir qlobal iqlim prosesində ən böyük problem olan maliyyə
məsuliyyətinin sonunda rəqəmlə ifadə edilməsi demək id”.
O qeyd edib ki, Bakı sammitinin başqa bir uğuru isə Paris
Sazişinin 6-cı maddəsinin beynəlxalq karbon bazarlarının tam
şəkildə əməliyyatlaşdırılması qərar kimi qəbul olunması idi.
“Bu qərar iqlim siyasətindən əlavə, qlobal investisiya
proseslərinə də yeni cığır açdı.
Üstəlik, COP29 iştirakçılıq baxımından da yüksək səviyyədə idi.
Dövlətlərdən tutmuş investor birliklərinə, şəhərlərdən QHT-lərə
qədər geniş spektr prosesə daxil edildi və bu, koordinasiyanın
keyfiyyətinə bilavasitə təsir göstərdi. Bu səbəbdən mən COP29-u
“nəticə yönümlü, sistemli və diplomatik etimad formalaşdıran” bir
sammit kimi dəyərləndirirəm. Lakin Əfsus ki, COP30-da isə fərqli
mənzərə ilə üzləşmişik”.
O vurğulayıb ki, Braziliyanın Belem şəhərində keçirilən COP30-da
logistika və təşkilati problemlər prosesə ciddi şəkildə zərbə
vurdu.
“Bir çox nümayəndə otel qiymətlərinin inanılmaz dərəcədə yüksək
olmasından şikayət edirdi bəzi hotellərdə gecəlik 1000 dollardan
artıq qiymətlər sadəcə yüksək deyil, həm də diplomatik iştirak üçün
maneədir. Sadəcə maliyyə məsələsi deyil, təhlükəsizlik də gündəmə
gəldi. Dünya mətbuatı yazdı ki, sammitin keçiriləcəyi məkan yanğın
səbəbindən təxliyə edilib və bu, müzakirələrin tempini və işin
ritmini pozub. Əsas müzakirə blokajı isə maliyyədir. COP29-da
müəyyən edilmiş ən azı 300 milyard dollarlıq illik maliyyənin real
tətbiqi COP30-da hələlik təmin edilməyib və bu məsələ danışıqların
təxminən yarısını “dondurulmuş vəziyyətə” salıb. Bir çox ölkə yeni
milli iqlim öhdəliklərini təqdim etmədiyi üçün həm koordinasiya,
həm də razılaşma imkanları daralıb”.
K.Kazımov deyib ki, COP30-nun gündəliyi geniş və çoxşaxəlidir,
lakin bu qədər geniş mövzunun aşağılara endirilmədən,
prioritetləşdirilmədən təqdim edilməsi icrasına risk gətirir.
“COP29 qlobal iqlim münasibətlərində zirvə nöqtəsi, COP30 isə
hazırda ard-arda yaşanan problemlər fonunda çətin sınaq təəssüratı
yaradır. COP30 isə hazırda logistika, maliyyə, infrastruktur və
diplomatik razılaşma məsələləri ilə sınağa çəkilir”.
O, əlavə edib ki, COP29 ölkələrarası etimadı gücləndirdi. COP30
isə həmin etimadın qorunmasını çətinləşdirir.
“Əlbəttə, sammit başa çatmamış yekun hökm vermək düzgün deyil.
Lakin faktlar göstərir ki, əgər COP30 konkret nəticələrə çatmaq
niyyətindədirsə, COP29-un qoyduğu bazanı xüsusilə maliyyə, karbon
bazarları və öhdəliklərin icrasını real mexanizmlərlə
möhkəmləndirilməlidir. Hazırkı mərhələdə isə hələ də suallar
cavablardan çoxdur”.

