Azərbaycan-ABŞ arasında regional və qlobal təhlükəsizlik məsələləri müzakirə olunub (FOTO)

Baş səhifə

Bakı. Trend:

19 noyabr tarixində Azərbaycan Respublikasının xarici işlər
naziri Ceyhun Bayramov ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə
müavini Alison Hukeri qəbul edib.

Trend bu barədə
Xarici İşlər Nazirliyinə istinadla xəbər verir.

Bildirilib ki, görüş zamanı, Azərbaycan-ABŞ ikitərəfli
əməkdaşlığının cari vəziyyəti və inkişaf perspektivləri,
Azərbaycan-Ermənistan sülh prosesi, eləcə də regional və qlobal
təhlükəsizlik məsələləri ətrafında geniş fikir mübadiləsi
aparılıb.

Avqustun 8-də tarixi Vaşinqton görüşü zamanı əldə edilmiş
razılıqlar məmnunluqla xatırlanaraq, iki ölkə arasında strateji
tərəfdaşlığın inkişafı istiqamətində birgə səylərin vacibliyi qeyd
olunub. Regional sabitlik, enerji təhlükəsizliyi və nəqliyyat
dəhlizlərinin genişləndirilməsi sahəsində əməkdaşlığın
gücləndirilməsinin əhəmiyyəti vurğulanıb. Bu çərçivədə,
Azərbaycanın əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası
arasında maneəsiz bağlantının təmin edilməsi məqsədilə ABŞ
tərəfindən həyata keçiriləcək “Beynəlxalq Sülh və Rifah naminə
Tramp Marşrutu” üzrə işlərin sürətləndirilməsində maraqlı olduğumuz
diqqətə çatdırılıb.

Qarşılıqlı maraq kəsb edən sahələrdə strateji tərəfdaşlığın
gücləndirilməsinə xidmət edəcək Strateji Tərəfdaşlıq Xartiyasının
hazırlanması məqsədilə iki ölkə arasında Strateji İşçi Qrupunun
fəaliyyət istiqamətləri nəzərdən keçirilib, ikitərəfli praktiki
əməkdaşlıq üçün institusional çərçivənin təsis edilməsinin
vacibliyi diqqətə çatdırılıb.

Cənubi Qafqaz regionunda sülh və sabitlik gündəliyi, ikitərəfli
və çoxtərəfli platformalar çərçivəsində qarşıdakı dövr üçün
fəaliyyət istiqamətləri müzakirə olunub.

Nazir Ceyhun Bayramov qarşı tərəfə normallaşma prosesi
çərçivəsində atılan addımlar, post-münaqişə dövründə
bərpa-quruculuq işləri barədə məlumat verib.

Görüşdə həmçinin Yaxın Şərqdə vəziyyət və qarşılıqlı maraq
doğuran digər regional məsələlər ətrafında fikir mübadiləsi
aparılıb.