
Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə vahid açıq bankçılıq
standartlarının tətbiqinə ilkin addım atmağı planlaşdırır.
Trend xəbər
verir ki, bu barədə bu gün AMB-nin Xüsusi tənzimləmə rejiminin
təşkili şöbəsinin rəisi Sahib Həsənov IX Beynəlxalq Bank Forumunda
məlumat verib.
Onun sözlərinə görə, vahid standartların tətbiqi şəffaflığın
artırılmasına və maliyyə sektorunda rəqabətin güclənməsinə imkan
verəcək. “Vahid standartlardan əlavə, vahid infrastruktur da
yaradılıb ki, bütün təşkilatlar bu infrastruktur üzərindən açıq
bankçılıq xidmətlərindən istifadə edə bilsinlər”, – deyə o
bildirib.
Şöbə rəisi həmçinin, texniki sandbox anlayışına toxunaraq qeyd
edib ki, innovativ məhsulların inkişaf etdirilməsi zamanı
təşkilatlar AMB-nin xüsusi tənzimləmə rejimi çərçivəsində demo
API-lərdən istifadə edə biləcəklər. Bu yanaşma beynəlxalq
təcrübədə, o cümlədən Gürcüstanda da tətbiq olunub. Sandbox
vasitəsilə lisenziyası olmayan təşkilatlar sintetik məlumatlarla
məhsullarını sınaqdan keçirə və sonrakı mərhələdə real açıq
bankçılıq platformasına inteqrasiya edə bilərlər.
O qeyd edib ki, hazırda fokus əsasən hesab nəvumatları və ödəniş
vasitəçiliyi xidmətlərinin genişləndirilməsinə yönəlib və texniki
sandboxun tətbiqi müəyyən mərhələdən sonra aktual olacaq.
Həsənov vurğulayıb ki, açıq bankçılıqda məlumatların qorunması
əsas prinsiplərdən biridir. Hər iki tərəf – məlumatları təqdim edən
və istifadə edən – müştərini eyniləşdirməli, məlumat paylaşımı
yalnız müştərinin razılığı və gücləndirilmiş autentifikasiya
vasitəsilə həyata keçirilə bilər. Mərkəzi Bankın texniki
infrastrukturu üzərindən məlumat mübadiləsi tamamilə
şifrələnir.
“AMB finteklərə və banklara bərabər şərait yaradıb ki, onlar
mövcud funksionallıqlardan istifadə edərək, tələblərə uyğun yeni və
innovativ məhsullar təqdim edə bilsinlər”, – Sahib Həsənov əlavə
edib.

