
Bakı. Trend:
Bu gün bp daha bir beynəlxalq elmi vəsaitin Azərbaycan dilinə
tərcüməsini təqdim edib. Bununla da bp-nin dünyanın ən qabaqcıl
akademik resurslarının Azərbaycana gətirilməsi məqsədi ilə nəşr
etdiyi kitabların ümumi sayı 30-a çatıb.
Trend xəbər
verir ki, bu layihə bp-nin yerli universitetlərə dünyada tanınmış
qabaqcıl akademik materiallara, bilik və təcrübələrə çıxış imkanı
təmin etməklə tədris və təlim prosesinin gücləndirilməsinə dəstək
olmaq üçün həyata keçirdiyi geniş təhsil proqramının bir hissəsidir
və bp-nin ölkədə ümumilikdə təhsilin inkişafına dəstək olmaq
yönümündə uzunmüddətli öhdəliyi çərçivəsində növbəti əhəmiyyətli
addımdır.
Yeni tərcümə olunmuş “PTSP hallarında koqnitiv işlənmə
terapiyası: Müfəssəl vəsait” kitabı posttravmatik stres pozuntusu
(PTSP) halları zamanı koqnitiv işlənmə terapiyası (KİT) sahəsində
çalışan mütəxəssislər üçün nəzərdə tutulub. Patrisiya A. Resik,
Kendis M. Monson və Ketlin M. Çard tərəfindən yazılmış bu kitab
psixologiya fakültələri və stres travmasının reabilitasiyası ilə
məşğul olan səhiyyə təşkilatları üçün dəyərli bir resurs kimi
tövsiyə olunur.
KİT beynəlxalq səviyyədə PTSP-nin müalicəsi üçün qabaqcıl
praktikaya çevrilmiş bir metod kimi tanınır və artıq Azərbaycanda
da travma hallarında psixoloji yardım üzrə ixtisaslaşan peşəkar
psixoloqların hazırlanması üçün istifadə olunur. Kitab KİT
metodunun müharibə veteranları da daxil olmaqla spesifik qruplara
uyğunlaşdırılmasına yönəlib. Bu da onu Azərbaycanda müharibə stresi
ilə bağlı travmalar məsələsinin həlli baxımından xüsusilə aktual
edir.
bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli
deyib:
“Düşünürük ki, bu kitab müharibə stresi və digər stres
travmalarından əziyyət çəkən insanların reabilitasiyası üçün çox
vacib mənbədir. Kitabın nəşrinə dəstək verməklə biz Azərbaycanda
psixoloji reabilitasiyanın, o cümlədən emosional və psixoloji
travma yaşamış insanların əqli sağlamlığının reabilitasiyasının
sürətləndirilməsinə kömək etmək istəmişik. Bu nəşr stres travması
yaşayan insanlarla işləyən mütəxəssislərin bilik və bacarıqlarının
daha da artırılmasına, eləcə də PTSP-u olan şəxslər və onların ailə
üzvlərinin bu sahədə maariflənməsinə də kömək edəcək.”
Kitab təhsil müəssisələrinə, psixologiya fakültələrinə və stres
travması reabilitasiyası ilə məşğul olan tibb müəssisələrinə bp-nin
hədiyyəsidir.
Bu kitabın tərcüməsi və nəşri təşəbbüsü beynəlxalq xeyriyyə
təşkilatı olan “For Azerbaijan” tərəfindən həyata keçirilən və
həssas qruplar üçün dayanıqlı həllər təmin etmək məqsədi daşıyan
“Azərbaycanda Psixoloji Reabilitasiya Potensialının
Gücləndirilməsi” adlı geniş əhatəli layihənin bir hissəsidir.
Kitabın tərcümə və nəşr xərcləri üçün bp-nin maliyyə dəstəyi 19700
AZN təşkil edib.

