
Bakı. Trend:
Beynəlxalq münasibətlər tarixində elə anlar olur ki,
bir-birindən ayrı görünən hadisələr qəfil vahid mozaikaya çevrilir
– sanki regionun özü analitiklərə yeni güc balansının xəritəsini
diktə edir. Hazırda Şərqi Aralıq dənizi məhz belə mərhələdən keçir:
Yunanıstan son onilliklərin ən iri silahlanma proqramına start
verib, Türkiyə öz hərbi-texnoloji proqramlarını sürətləndirir,
İsrail Yunanıstanın müdafiə arxitekturasının struktur elementi
statusunu qazanır, eyni zamanda Ankara ilə Qahirə arasında
yaxınlaşma baş verir. Bu isə Yaxın Şərqdə geosiyasi lövhəni
silkələyən tektonik dəyişikliklərin xəbərçisidir.
Bu proseslər çox vaxt bir-birindən ayrı hadisələr kimi təqdim
olunur – guya hərəsinin öz daxili məntiqi var. Amma dərindən
baxanda onlar eyni strateji xətti formalaşdırır: bölgədə üç paralel
ox boyunca yeni balans yaranır – yunan–israil hərbi inteqrasiyası,
Türkiyənin müdafiə sənayesində texnoloji muxtariyyəti və Ankara ilə
Qahirə arasındakı diplomatik yaxınlaşma.
Əsas sual budur: Yunanıstan–İsrail hərbi əməkdaşlığının
güclənməsi, Türkiyənin müdafiə potensialının artması və
Türkiyə–Misir münasibətlərində istiləşmə Şərqi Aralıq dənizinin
təhlükəsizlik arxitekturasını və ümumilikdə Yaxın Şərqdəki strateji
balansı necə dəyişir?
Bu suala cavab vermək üçün sadəcə “kim kimə qarşı” formatından
çıxmaq lazımdır. Regiona üç ölçüdə baxmaq gərəkdir: əməliyyat-hərbi
səviyyədə – hansı silah sistemləri və döyüş konsepsiyaları yeni güc
balansını formalaşdırır; geosiyasi səviyyədə – yunan, türk, israil
və misir maraqları necə kəsişir; sistem səviyyəsində – bu
transformasiya ABŞ prezidenti Tramp administrasiyasının siyasəti,
Avropanın təhlükəsizlik doktrinasının dəyişməsi və Yaxın Şərqin
çoxvektorlu reallıqları fonunda hansı mənanı daşıyır.
Əslində, əsas məsələ nə Yunanıstanın silahlanması, nə Türkiyənin
raket və PUA proqramlarının inkişafı, nə də Ankara ilə Qahirə
arasında diplomatik yaxınlaşmadır. Əsas məsələ – bu üç prosesin
sinxronlaşmasıdır. Yəni texnologiyaya doymuş, proqnozlaşdırılması
çətin, regional aktorların qarşılıqlı asılılığını artıran yeni
strateji mühitin yaranması.
Yunanıstan silahlı qüvvələrinin modernləşdirilməsi üçün təxminən
28 milyard avroluq proqram qəbul edib. Bunun 3 milyarddan çoxu
çoxsəviyyəli hava və raketdən müdafiə sisteminin yaradılmasına
yönəlib. ÜDM-i təxminən 227 milyard dollar olan ölkə üçün bu,
Avropada ən iri hərbi layihələrdən biridir – yalnız Polşa,
Finlandiya və Rumıniya proqramları ilə müqayisə oluna bilər.
Bu layihənin mərkəzində “Axi̇l qalxanı” (Achilles Shield)
adlanan proqram dayanır. Məqsəd – bütün növ pilotsuz uçuş
aparatlarını məhv edə bilən, yüksək dəqiqlikli raketləri
neytrallaşdıran, adaları çoxsəviyyəli müdafiə ilə təmin edən və
Türkiyənin əməliyyat üstünlüyünü sıfıra endirən inteqrə edilmiş
PVO–PRO sistemini qurmaqdır.
Yeni “qalxanın” texnoloji əsası İsrail sistemlərinə söykənir.
İsrail artıq sadəcə silah tədarükçüsü deyil, Yunanıstanın müdafiə
arxitekturasının bir hissəsinə çevrilir. Elbit istehsalı olan 36
ədəd PULS buraxılış qurğusu, “Osa”, “Tor-M1” və S-300-ün yerinə
yeni raket kompleksləri, həmçinin dron əleyhinə “Magen Or” lazer
sistemi bu əməkdaşlığın əsas komponentləridir.
PULS – 300 kilometrə qədər mənzilli, yüksək dəqiqlikli
çoxfunksiyalı raket platformasıdır. Egey dənizi kontekstində bu,
Türkiyə qüvvələrini uzaqdan zərbə riski altında saxlamaq, adalarda
əksbatareya əməliyyatları aparmaq və havada-dənizdə manevr
imkanlarını məhdudlaşdırmaq deməkdir.
İndiyədək Türkiyənin üstünlüyü coğrafi yaxınlıq, Bayraktar,
Akıncı, Kızılelma kimi PUA sistemləri və hava-dəniz qüvvələrinin
çevik yerləşdirilməsi hesabına idi. İndi isə Afina bu üstünlüyü
“dondurmaq”, Ankaranı yüksək sürətli əməliyyat girişindən məhrum
etmək niyyətindədir.
Yunanıstan Müdafiə Nazirliyinin məlumatına görə, 2036-cı ilədək
hava hücumundan müdafiə sistemlərinin 80 faizi yenilənəcək,
idarəetmə arxitekturası şəbəkə əsaslı modelə keçəcək, radioelektron
mübarizə vasitələri inteqrasiya olunacaq, Hərbi Hava Qüvvələrinin
taktiki zolağı F-35 və modernləşdirilmiş F-16 Viper təyyarələri ilə
gücləndiriləcək.
Bu kombinasiyanın nəticəsində Yunanıstan Avropanın ən müdafiəli
hava məkanlarından birinə çevrilir – İsrail, Polşa və Səudiyyə
Ərəbistanı ilə eyni səviyyədə.
Yunan–İsrail hərbi inteqrasiyası: struktur, motivlər və
strateji nəticələr
Afina–Qüds xəttinin Şərqi Aralıq dənizində sistem formalaşdıran
faktora çevrilməsini anlamaq üçün silah satışı çərçivəsindən kənara
çıxmaq lazımdır. Əməkdaşlığın dərinləşməsi üç səviyyədə gedir:
əməliyyat, texnoloji və strateji. Bu üçlüyün sinerjisi yeni
keyfiyyət yaradır.
Əməliyyat səviyyəsində məsələ artıq ortaq təlimlərdən çıxıb,
birgə strukturlaşmaya keçib. Son beş ildə Yunanıstan və İsrail
rekord sayda ortaq hərbi-hava təlimləri keçirib – “Iniochos”, “Blue
Flag”, “Noble Dina” kimi beynəlxalq manevrlər. Bu təlimlər hava
hücumundan müdafiənin sıradan çıxarılması, dənizdə yüksək qorunan
hədəflərə zərbələr, hava–dəniz–xüsusi təyinatlı qüvvələrin
koordinasiyası və mürəkkəb hava ssenarilərinin idarəsini əhatə
edib.
Xüsusilə Kələmata şəhərində Elbit Systems tərəfindən idarə
olunan aviasiya təlim mərkəzi mühüm əhəmiyyət daşıyır. 22 illik,
1,6 milyard avroluq müqavilə əsasında fəaliyyət göstərən mərkəz
pilot hazırlığını İsrail standartlarına uyğunlaşdırır. Burada
simulyatorlar, uçuş analiz sistemləri və müasir təlim
infrastrukturu var. Nəticədə Yunanıstan öz hərbi pilotlarının
tədrisini faktiki olaraq İsrail modelinə inteqrasiya edib. Bu,
klassik “hərbi ittifaq” deyil, artıq “hərbi sinxronizasiya”dır.
Texnoloji səviyyədə Yunanıstanın məqsədi sovet və NATO
sistemlərinin qarışığından qurtulmaqdır. Çünki S-300, “Tor-M1”,
“Osa-AKM” kimi komplekslər həm texniki uyğunsuzluq, həm də ehtiyat
hissələrinin çatışmazlığı səbəbindən ciddi problem yaradır. İsrail
isə alternativ təklif edir – tam şəbəkələşmiş idarəetmə
sistemi.
Ən önəmli texnoloji elementlər: 300 km mənzilli PULS raketləri,
“Magen Or” lazer müdafiə sistemi və Arrow–David’s Sling
kompleksləri ilə uyğunlaşdırıla biləcək yeni nəsil PRO
komponentləridir. Nəticədə İsrail bölgədə üçüncü ən iri hava
müdafiə sisteminin texnoloji memarı mövqeyini əldə edir – İsrailin
və Türkiyənin ardınca.
Strateji baxımdan Afina–Qüds tandemi iki çağırışa cavab verir:
Türkiyənin Baykar dronlarından Tayfun və SOM raketlərinə qədər
artan hərbi müstəqilliyi və Yaxın Şərqin gərgin, dəyişkən mühiti.
Yunanıstan Türkiyənin əməliyyat üstünlüyünü neytrallaşdırmaq, PUA
hücumlarına dayanıqlı PVO qurmaq, yüksək dəqiqlikli raketlərdən
müdafiə təmin etmək istəyir. İsrail isə Avropanın müdafiə
sistemlərinə nüfuz etmək, Aralıq dənizi marşrutlarına çıxışını
möhkəmləndirmək və Yunanıstan–Kipr–İsrail üçbucağında strateji
dayaq nöqtəsini gücləndirmək niyyətindədir.
Beləliklə, “Axi̇l qalxanı” təkcə hərbi layihə deyil. O, yeni
regional düzənin təməl daşıdır – İsrail texnologiyanın təminatçısı,
Yunanıstan isə Qərbin təhlükəsizlik səddinin ön xətti rolunu
oynayır.
Türkiyə: simmetrik güc artımı, müdafiə sənayesinin
muxtariyyəti və yeni strateji davranış məntiqi
Yunanıstanın silahlanma proqramını Türkiyənin paralel müdafiə
inkişafı kontekstindən kənar təhlil etmək mümkün deyil. 2020-ci
illərin əvvəlindən etibarən Ankara üç əsas istiqamətə fokuslanıb:
yeni nəsil pilotsuz platformalar, uzaqmənzilli raket proqramları və
milli hava-raketdən müdafiə sisteminin qurulması. Bu istiqamətlərin
hər biri Yunanıstanın qərarlarına təsir edir, birlikdə isə
“simmetrik silahlanma mühiti” formalaşdırır.
Türkiyənin döyüş meydanındakı əsas üstünlüyü hələ də pilotsuz
sistemlər üzərində qurulub. Bayraktar TB2 artıq qlobal brendə
çevrilib, Akıncı və Kızılelma platformalarının dövriyyəyə girməsi
isə hava–dəniz sinerjisini gücləndirərək yunan adaları üçün
tamamilə yeni tip təhlükə yaradıb. Artıq 30-dan çox ölkə Türkiyə
PUA-larını alıb və ya icarəyə götürüb. Bu, Ankaraya həm kəşfiyyat
üstünlüyü, həm sürətli zərbə imkanı, həm də aşağı hündürlüklü hava
məkanına nəzarət imkanı verir. Elə buna görə də Yunanıstanın PVO
sistemlərini yeniləməsi birbaşa Türkiyə PUA-larına qarşı yönəlib –
bu, uğurlara cavab reaksiyasıdır.
Raket proqramları, xüsusilə Tayfun, Türkiyəyə demək olar ki,
Yunanıstanın bütün ərazisini nəzarət zonasına almaq imkanı verir.
Təxminən 560 km mənzil siyasi təzyiq amilidir, dəqiq zərbə
imkanlarını artırır və strateji elastikliyi genişləndirir. Nəticədə
“simmetrik artım” dinamikası yaranır: Yunanıstan hava hücumundan
müdafiəni möhkəmləndirir, Türkiyə raket istehsalını artırır;
Yunanıstan PULS alır, Türkiyə ballistik arsenalını böyüdür.
Milli hava müdafiəsi istiqamətində Hisar A/O və Siper
proqramları Ankara üçün strateji muxtariyyətin rəmzidir. 150 km
mənzilli Siper kompleksi Türkiyəyə xarici tədarükçülərdən asılılığı
azaldaraq çoxsəviyyəli müdafiə sistemini öz qüvvələri ilə
formalaşdırmaq imkanı verir. Bu, faktiki olaraq Türkiyənin öz
“patriot” modelini yaratmaq cəhdidir.
Beləcə, Yunanıstan və Türkiyə artıq sadəcə silahlanma yarışında
deyil, texnoloji keyfiyyət yarışındadır. Burada üstünlük silah
sayında deyil, kompleks şəbəkə əsaslı müdafiə sistemlərini dizayn
və inteqrasiya edə bilmək qabiliyyətində ölçülür.
Türkiyə və Misir: yeni Yaxın Şərq oxu və onun Şərqi
Aralıq dənizi strategiyasına təsiri
Şərqi Aralıq dənizindəki prosesləri Ankarayla Qahirə arasında
yaranan yaxınlaşma olmadan başa düşmək mümkün deyil. Bu, regionun
itkin parçasıdır. 2024–2025-ci illərdə Türkiyə–Misir
münasibətlərinin istiləşməsi təkcə diplomatik hadisə deyil, bütün
regionun strateji xəritəsini dəyişən sistemli dönüş nöqtəsidir. İki
regional güc – bir yerdə 190 milyonluq əhali, Yaxın Şərqin ən iri
orduları və dərin tarixi bağlar – on illik kəskin qarşıdurmadan
sonra bir-birinə doğru addımlayır. Bu prosesin dərin məğzini
anlamaq üçün onu üç səviyyədə təhlil etmək lazımdır: struktur,
siyasi-əməliyyat və geo-iqtisadi.
Struktur səviyyə. Türkiyə və Misirin yaxınlaşması əslində labüd
idi. 2013–2020 arası ideoloji ziddiyyətlərə baxmayaraq, bu iki ölkə
Yaxın Şərq balansının əsas dayaqları olaraq qalırdı. Üç faktor bu
yaxınlaşmanı rasional etdi. Birincisi, Qəzzə və Qırmızı dəniz
ətrafında yaranmış yeni geosiyasi arxitektura regional liderlərdən
– yəni Türkiyə və Misirdən – öz oyun qaydalarını formalaşdırmağı
tələb etdi. ABŞ-ın diqqətinin Asiyaya yönəlməsi, Avropa siyasətinin
parçalanması və xarici güclərin fəallığının azalması fonunda
yaranan boşluğu doldurmaq məhz bu iki dövlətin məsuliyyətinə
düşdü.
İkincisi, Ankarayla Qahirənin Liviya, Suriya və Şərqi Aralıq
dənizində koordinasiyasız rəqabəti üçüncü aktorların – həm dövlət,
həm qeyri-dövlət güclərin – meydanı ələ keçirməsinə gətirdi. Bu isə
nə Türkiyənin, nə Misirin maraqlarına uyğun idi.
Üçüncüsü, regionun enerji transformasiyası iki ölkəni qarşılıqlı
asılı vəziyyətə gətirdi. Qaz ixracı, LNG ticarəti, dəniz
marşrutları və infrastruktur layihələri artıq koordinasiya tələb
edir. Əks halda, bu sahələr xarici oyunçuların nəzarətinə keçir və
Ankara ilə Qahirə təsir imkanlarını itirir. Buna görə də yaxınlaşma
– zərurətdən doğan strateji məntiqlə addımdır.
Siyasi-əməliyyat səviyyə. Bu mərhələdə əsas katalizator Qəzzə
müharibəsi oldu. Qəzzə Misir üçün milli təhlükəsizlik zolağı,
Türkiyə üçün isə siyasi-identik simvoldur. Misir Rəfah keçidinə
nəzarət edir, Türkiyə isə Fələstin siyasətində təsir gücünə
malikdir. Hər iki dövlət Qəzzənin kənardan idarə olunması
ssenarisini rədd edir və onun gələcək idarəetmə modelinin
formalaşmasında iştirak etmək istəyir.
Prezident əs-Sisinin xüsusi məktubunun nazir Sameh Şükrü
tərəfindən Ərdoğana təqdim olunması Ankaraya verilən siyasi siqnal
idi: Qahirə artıq Ankaranı rəqib kimi yox, gələcək Qəzzə
nizamlamasının ortağı kimi görür. Bu koordinasiya atəşkəs
mexanizmlərindən tutmuş humanitar axınların idarəsinə qədər uzanır.
Nəticədə, iki ölkə bir-biri ilə rəqabətdən daha çox, böhranı birgə
idarə edən tandemə çevrilir.
Geo-iqtisadi səviyyə. Burada üç xətt diqqətəlayiqdir. Birincisi
– enerji. LNG ixracı, qazın Türkiyə üzərindən Avropaya daşınması,
Aralıq dənizi terminallarının birgə istifadəsi yalnız Ankarayla
Qahirənin koordinasiyası sayəsində mümkündür. İkincisi – Liviya.
Uzun illər davam edən rəqabət hər iki ölkəni strateji dalana
salmışdı. İndi isə bölgü və koordinasiya yanaşması həm riskləri,
həm də xərcləri azaldır. Üçüncüsü – Qırmızı dəniz və nəqliyyat
arteriyaları. Qlobal ticarət axınlarının sabitliyi üçün Süveyş
kanalı və Türkiyə limanlarının rolu artıb. Bu, Ankarayla Qahirəyə
birgə dəniz təhlükəsizliyi formatı qurmaq imkanı yaradır.
Bu geoiqtisadi yaxınlaşma artıq taktiki yox, uzunmüddətli
tərəfdaşlıq səviyyəsinə keçib. Onun dalğaları Şərqi Aralıq
dənizinin bütöv strateji mühitini dəyişir.
Yeni Türkiyə–Misir tandemi, təbii ki, Yunanıstan–İsrail oxuna da
təsirsiz qalmır. Çünki həmin oxun qurulma məntiqi Türkiyənin təcrid
olunacağı fərziyyəsinə əsaslanmışdı. İndi isə vəziyyət dəyişib:
Ankara Misir vasitəsilə diplomatik manevr meydanını genişləndirir,
öz statusunu gücləndirir və regional balansda mərkəzə
yaxınlaşır.
Yunanıstan üçün bu, İsraillə əməkdaşlığı dərinləşdirmək və daha
geniş Yaxın Şərq konfiqurasiyasını nəzərə almaq zərurətini yaradır.
İsrail üçün isə bu, həm Ankaranın təsirini Misir kanalı ilə
məhdudlaşdırmaq, həm də yeni oyun qaydalarına uyğunlaşmaq
zərurətidir.
Beləcə, iki kəsişən ox formalaşır: Yunanıstan–İsrail–Kipr –
hava-dəniz təhlükəsizliyinin memarları; Türkiyə–Misir – siyasi və
humanitar sabitliyin memarları. Onlar bir-birinə qarşı deyil,
əksinə, regional boşluğu müxtəlif tərəflərdən dolduran iki paralel
mexanizmdir.
Sistemli inteqrasiya və yeni regional
arxitektura
Yunanıstanın genişmiqyaslı silahlanması, Türkiyənin texnoloji
muxtariyyətə keçidi və Ankara–Qahirə yaxınlaşması bir yerdə
götürüldükdə göstərir ki, region artıq köklü transformasiya
mərhələsindədir. Bu proseslər lokal deyil, sistem xarakteri daşıyır
və bir-birini tamamlayır. Yeni təhlükəsizlik arxitekturasını başa
düşmək üçün onları üç əsas ölçüdə nəzərdən keçirmək lazımdır:
əməliyyat məkanı, geosiyasi struktur və iqtisadi-enerji
platforması.
Əməliyyat məkanı: rəqabətli çəkindirmə zonalarının
formalaşması
Şərqi Aralıq dənizinin müasir müdafiə mühiti artıq say
üstünlüyünə yox, texnoloji paritetə əsaslanır. Yunanıstan Qərb
tipli “hava qalxanı” qurur: İsrail texnologiyalarına söykənən Afina
öz PVO və PRO sistemlərini Avropa və Yaxın Şərqin qabaqcıl
dövlətlərinin səviyyəsinə çatdırır. Burada əsas rol PULS raket
sistemlərinə, “Magen Or” lazer kompleksinə və Türkiyə
platformalarını neytrallaşdırmağa yönəlmiş aşkarlama şəbəkəsinə
məxsusdur. Bu, əslində Ankaranın sürətli əməliyyat imkanlarını
pozmaq üçün qurulan çoxsəviyyəli çəkindirmə sistemidir.
Buna paralel olaraq Türkiyə üçpilləli muxtar müdafiə
arxitekturası formalaşdırır. Ankara texnoloji özünütəmin yolunu
tutaraq Akinci və Kızılelma PUA-larına, Tayfun ballistik
raketlərinə və Hisar–Siper milli hava müdafiə komplekslərinə
əsaslanır. Beləliklə, bu, Yunanıstanın strategiyasına güzgü effekti
yaradır: Afinanın hər addımına Ankara cavab verir, Ankaranın hər
modernləşmə mərhələsi Afinanı yeni texnologiyalara məcbur edir.
Eyni zamanda Türkiyə və Misir əməliyyat səviyyəsində diplomatik
tandem qurur. Ankara–Qahirə yaxınlaşması iki ölkə arasında açıq
qarşıdurma riskini azaldır və Qəzzə ilə Şərqi Aralıq dənizindəki
böhranların idarə olunması üçün yeni diplomatik kontur yaradır.
Nəticədə əməliyyat mühiti artıq sadə Yunanıstan–Türkiyə rəqabəti
deyil. O, çoxqütblü, çoxfunksiyalı sistemə çevrilir:
Yunanıstan–İsrail–Kipr bloku hava və dəniz çəkindirməsinə
cavabdehdir, Türkiyə–Misir isə siyasi tənzimləmə və strateji
logistikanın mərkəzinə çevrilir. ABŞ, Aİ və Körfəz ölkələri kimi
xarici oyunçular isə sistemin müəyyən seqmentlərini dəstəkləsələr
də, artıq onun idarəçisi deyillər.
Geosiyasi struktur: rəqabətdən çoxvektorlu tarazlığa
keçid
Regionda uzun fasilədən sonra real “sübəktlik” bərpa olunur.
Yerli dövlətlər artıq xarici güclərin impulslarına cavab vermir, öz
təhlükəsizlik arxitekturalarını öz maraqları əsasında qururlar.
Bu sinxron proseslər nəticəsində yeni güc balansı – qarşılıqlı
kəsişən oxlar sistemi formalaşır. Birinci ox Yunanıstan–İsrail–Kipr
blokudur: texnoloji nəzarət, hava–dəniz qalxanı, NATO standartları
və İsrail texnologiyaları onların məsuliyyətindədir. Bu ox Qərb
strateji konturunun bir hissəsidir. İkinci ox – Türkiyə–Misir
tandemi – Yaxın Şərqin siyasi ağırlıq mərkəzini formalaşdırır,
Qəzzə üzrə nizamlamanı və Süveyş–Şərqi Aralıq dənizi nəqliyyat
xəttini idarə edir. Bu iki ox bir-birinə qarşı deyil, əksinə,
qarşılıqlı çəkindirmə və tarazlaşdırma mexanizmini yaradır. Region
artıq qarşıdurma yox, paylanmış məsuliyyət mərhələsinə keçir.
İqtisadi–enerji platforması: infrastruktur geosiyasi
təsir aləti kimi
Şərqi Aralıq dənizi bu gün dünyanın əsas enerji və tranzit
regionlarından biridir. Yeni strateji konfiqurasiya dəniz
marşrutlarını, qaz yataqlarını, LNG infrastrukturu və Yaxın
Şərq–Avropa enerji dəhlizlərini əhatə edir.
Yunanıstan özünü enerji tranzitçisi kimi möhkəmləndirir. Aralıq
dənizi limanlarının inkişafı, LNG layihələri və hərbi-dəniz
qüvvələrinin modernləşdirilməsi Afinanı regional enerji
təhlükəsizliyinin dayanıqlı təminatçısına çevirir.
Türkiyə isə tranzit məntiqini siyasi təsir alətinə çevirib.
Ankara quru marşrutlarını genişləndirir, liman infrastrukturunu
böyüdür, Azərbaycanla enerji əlaqələrini gücləndirir və LNG
logistikasını inkişaf etdirir. Bu, tranziti sadəcə iqtisadi deyil,
strateji lever halına gətirir, Türkiyəyə həm Yunanıstanla, həm
Misirlə münasibətlərdə əlavə diplomatik kart verir.
Misir yenidən logistika mərkəzinə çevrilir. Süveyş kanalına
nəzarət, LNG infrastrukturu və Qəzzə ilə bağlı humanitar-logistik
əməliyyatlarda koordinasiya rolunu Qahirə üzərinə götürür. Bu, onu
formalaşmaqda olan regional sistemin əvəzolunmaz elementi edir.
Ssenari təhlili: yeni təhlükəsizlik arxitekturasının
inkişaf variantları
2030-a qədər regionun dinamikası üç mümkün ssenaridə cəmləşə
bilər. Hər biri texnoloji səviyyə, siyasi sinxronluq və hərbi
rəqabətin dərəcəsi ilə fərqlənir.
1. İdarə olunan rəqabət (əsas ssenari)
Ən real variant budur. Yunanıstan–İsrail oxu möhkəmlənir, Türkiyə
müdafiə sənayesində muxtariyyəti dərinləşdirir, Ankara və Qahirə
Qəzzə və logistika məsələlərində koordinasiyanı davam etdirir.
Münaqişələr diplomatik və iqtisadi vasitələrlə məhdudlaşır. Nəticə
– davamlı, lakin kövrək tarazlıq: heç bir aktor kəskin eskalasiyada
maraqlı deyil.
2. Texnoloji silahlanma yarışı (turbulent ssenari)
Orta ehtimallı variant. Yunanıstan “Axi̇l qalxanı”nı tamamlayır,
Türkiyə raket proqramlarını sürətləndirir, İsrail yeni PRO
elementləri göndərir, Misir isə iki blok arasında balans saxlayır.
Əməliyyat rəqabəti intensivləşir, “zərbə–cavab” dövrü qısalır. Amma
tərəflər hələ də strateji nəzarəti itirmir və birbaşa toqquşmadan
yayınır.
3. Regional konvergensiya (optimist ssenari)
Ən az ehtimallı, amma mümkündür. Türkiyə və Misir siyasi
tərəfdaşlığı genişləndirir, Yunanıstan və Türkiyə dəniz sərhədləri
üzrə danışıqlara başlayır, İsrail isə yeni çoxtərəfli təhlükəsizlik
modelinin təminatçısına çevrilir. Bu, qarşılıqlı asılılıq əsasında
çoxqütblü sabitliyə keçidi təmin edə bilər.
Nəticə: regional tarazlığın yeni modeli
Region sürətlə yeni strateji reallığa keçir. Xarici hegemonların
diktəsi ilə idarə olunan dövr başa çatır, yerini regional güclərin
öz oyununun qaydalarını yazdığı sistem tutur. Yunanıstan texnoloji
dərin müdafiə qurur və hava–dəniz inteqrasiyasının mərkəzinə
çevrilir. İsrail təhlükəsizlik təminatçısı və texnoloji memar
rolunu gücləndirir. Türkiyə müdafiə sənayesində öz ayaqları
üzərində dayanır və diplomatik dairəsini genişləndirir. Misir isə
yenidən Yaxın Şərqin siyasi və logistik beyni funksiyasını icra
edir.
Artıq güc balansı bir superdövlət ətrafında deyil, fərqli
funksiyalara malik, lakin bir-birini tamamlayan regional mərkəzlər
ətrafında qurulur. Bu, Şərqi Aralıq dənizinin yeni dövrüdür – daha
mürəkkəb, daha texnoloji və daha müstəqil. Sabitlik indi bir
aktorun gücündən yox, bir neçə nüfuzlu dövlətin qarşılıqlı
fəaliyyət keyfiyyətindən asılıdır.

