Azərbaycan və Gürcüstan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub

Baş səhifə

Bakı. Trend:

Ədliyyə naziri Fərid Əhmədov gürcüstanlı həmkarı Paata Salia ilə
görüş keçirib.

Trend bu barədə
Ədliyyə Nazirliyinə istinadən xəbər verir.

Nazir qonağı Azərbaycanda salamlamaqdan məmnunluğunu ifadə edib
və vurğulayıb ki, ölkələrimiz arasında qarşılıqlı etimada əsaslanan
əlaqələr təkcə ikitərəfli səviyyədə deyil, həm də beynəlxalq
təşkilatlar çərçivəsində uğurla inkişaf edir.

Fərid Əhmədov qeyd edib ki, cari ildə Gürcüstanın prezidenti
Mixail Kavelaşvilinin, eləcə də Baş naziri İrakli Kobaxidzenin
vəzifəyə başladıqdan sonra ilk rəsmi səfərlərini məhz Azərbaycana
etmələri iki ölkə arasında münasibətlərin səmimi xarakterini və
qarşılıqlı hörmətə əsaslandığını bir daha nümayiş etdirir.




Görüşdə icra, xüsusi icra və probasiya sahələrinin
təkmilləşdirilməsi məqsədilə beynəlxalq təcrübənin öyrənilməsi, bu
istiqamətdə Gürcüstanla səmərəli təcrübə mübadiləsinin aparılması,
həmçinin 2022-ci ildə Batumidə keçirilən Hüquq Forumu və imzalanmış
Əməkdaşlıq Memorandumunun əlaqələrin inkişafına verdiyi töhfə
müzakirə olunub. Tərəflər gələcəkdə də birgə tədbirlərin
keçirilməsi və əməkdaşlığın yeni istiqamətləri barədə fikir
mübadiləsi aparıblar.

Görüşdə ədliyyə sahəsində rəqəmsallaşmanın hər iki ölkə üçün
prioritet olduğu qeyd edilib. Bildirilib ki, ölkəmizdə icra
proseslərinin rəqəmsallaşdırılması istiqamətində atılan innovativ
addımlar – “Elektron hərrac” platforması, “Mobil icra” tətbiqi,
eləcə də sənədlərə və qanunvericilik bazasına çıxışı təmin edən
“E-qanun.ai” süni intellekt dəstəkli hüquqi axtarış platforması
uğurla fəaliyyət göstərir.

Sonda vurğulanıb ki, bu səfər və keçirilən görüşlər təcrübə və
fikir mübadiləsinə, eləcə də Azərbaycan və Gürcüstan arasında
hüquqi əməkdaşlığın daha da möhkəmlənməsinə əhəmiyyətli töhfə
verəcək.