
Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə
Şəmkir rayonunun Dəllər Cəyir kəndi ərazisində yerləşən
yanacaqdoldurma məntəqəsində yanğın baş verməsi barədə məlumat
daxil olub.
Trend xəbər verir ki, bu
barədə FHN məlumat yayıb.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından
Mühafizə Xidmətinin Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin
qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı
yanacaqdoldurma məntəqəsinin ərazisində üç ədəd yanacaqla dolu
yeraltı çəndən birində yanğın baş verdiyi və yanğının yayılma
riskinin yüksək olduğu müəyyən edilib.
Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən
həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində
tutumu 55 ton olan yanacaq çənində baş vermiş yanğın genişlənərək
digər çənlərə keçməsinə, o cümlədən məntəqənin ərazisinə
yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində yanacaq çəninə daxil olan rezin borudan sızan
yanacaq yanıb.
Yanacaqdoldurma məntəqəsi və yanacaqla dolu çənlər yanğından
mühafizə olunub.

