Müşfiqabadda 1111 ədəd ağac əkiləcək

Baş səhifə

Bakı.Trend:

Qardaş Türkiyənin “Gələcəyə nəfəs!” çağırışı ilə hər il noyabrın
11-də təşkil olunan genişmiqyaslı ağacəkmə aksiyası artıq
Azərbaycanda ənənəyə çevrilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə
İbrahimova Trend-ə bildirib ki, bu il də Azərbaycan qardaş
Türkiyənin bu təşəbbüsünü dəstəkləyir.

“Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə
ölkəmizin bütün bölgələrini əhatə edəcək aksiya çərçivəsində 111
111 ədəd ağac əkiləcək. İnanırıq ki, əkilən bu ağaclar gələcəkdə
geniş yaşıllıq sahələrinə çevrilərək, ətraf mühitə böyük tohfə
olacaq”, – deyə İradə İbrahimova qeyd edib.




Nazirlik sözçüsü, bu il noyabrın 11-i istirahət gününə düşdüyü
üçün Azərbaycanda aksiyanın 12 noyabr tarixində keçiriləcəyini
diqqətə çatdırıb.

“Ekologiya və Təbii Sərvətlər Nazirliyi rəsmilərinin və
əməkdaşlarının, ekokönüllülərin iştirakı ilə Müşfiqabad
qəsəbəsindən başlanan ağacəkmə aksiyasına Türk Dövlətləri Təşkilatı
ölkələrinin ölkəmizdəki səfirliklərinin nümayəndələri də qatılacaq.
Müşfiqabadda 1 111 ədəd ağac əkiləcək”.