Bakı. Trend::
Bolqarıstanın cənub sahillərində, Burqas şəhəri yaxınlığında baş
verən yol qəzası nəticəsində 6 qeyri-qanuni mühacir həlak olub.
Trend xəbər verir
ki, bu barədə Bolqarıstan Milli Radiosu məlumat yayıb.
Bildirilib ki, sərhəd polisi Kiten şəhərindən qeyri-qanuni
miqrantları daşıyan avtomobili təxminən 40 kilometr məsafədə təqib
edib. Nəqliyyat vasitəsi Burqasa keçməyə nail olub, lakin maneəni
aşmaq istəyərkən aşıb və gölə düşüb.
Hadisə nəticəsində 6 nəfər hadisə yerində ölüb, 3 nəfər
yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Rumıniya vətəndaşı
olan sürücü xəsarət almayıb və hazırda polis nəzarətindədir.
Hadisə ilə bağlı araşdırma aparılır.

