
Bakı.Trend:
Azərbaycanın multikulturalizm modeli artıq yalnız ölkə daxilinə
yönəlmiş siyasət deyil, eyni zamanda qlobal səviyyədə nümunə olaraq
təqdim olunur.
Trend xəbər
verir ki, bu fikirləri bu gün Azərbaycan Respublikasının Dini
Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə
“Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən
“Fərqliliyin rəngi” festivalında Bakı Beynəlxalq Multikulturalizm
Mərkəzinin icraçı direktoru Rəvan Həsənov səsləndirib.
O qeyd edib ki, bu gün keçirilən festival iki məna daşıyır:
“Fərqliliklərin sadəcə yanaşı mövcud olması və fərqliliklərin
bir-birini tamamlaması festivalın əsas iki mənasıdır”.
R.Həsənov bildirib ki, bizim modelimizin mahiyyəti ikinci
yanaşmadadır: “Burada mövcud olan müxtəlif mədəniyyətlər və inanc
sistemləri yalnız bir-birinin yanında dayanmır, eyni zamanda
bir-birini tamamlayır, zənginləşdirir və harmonik şəkildə təqdim
olunur.
Festival həm də dinlərarası dialoqun real nümunəsidir. Fərqli
inanca sahib insanlar burada bir-birinin nəşrləri ilə tanış olur,
fikir mübadiləsi aparır və əməkdaşlıq qururlar”.
Onun sözlərinə görə, 1995-ci ildə qəbul edilən Konstitusiya və
multikulturalizmin dövlət siyasəti səviyyəsinə yüksəldilməsi
göstərdi ki, bu müxtəlifliyin qorunması dövlətin prioritetidir.
“Dövlət bu dəyərlərə yalnız tolerant yanaşmır, onları öz
kimliyinin ayrılmaz hissəsi kimi qəbul edir.. Dünyada elə ölkələr
var ki, çoxkulturluluğu tətbiq etməyə çalışsalar da, bunu uğurla
həyata keçirə bilməyiblər. Burada hər kəsin dini və mədəni
kimliyinə hörmət göstərilir. İnsanlar bir-birini ‘öyrənməyə borclu’
olduqları üçün deyil, ‘hörmət etmək istədikləri üçün’ dinləyirlər.
Bu unikal yanaşmadır”, – deyə R.Həsənov əlavə edib.

