
Ermənistan parlamentinin sədri Alen Simonyanın “Facebook” hesabının “Story” bölməsində paylaşdığı video sosial şəbəkələrdə diqqət çəkib.
Modern.az xəbər verir ki, Simonyan paylaşımı ilə xəbər lentlərindən düşmədiyini nümayiş etdirmək istəsə də, videoda görünən reklamlar onun maraq dairəsi ilə bağlı da müzakirələrə səbəb olub.
Belə ki, videoda sosial şəbəkənin Simonyana göstərdiyi sponsorlu məzmunlar da əks olunub. Reklamlar arasında yaşayış kompleksləri (rezidens evlər), yükdaşıma şirkəti, suşi sifarişi, sağlam həyat tərzi və fitnes mövzuları ilə bağlı elanlar yer alıb.
Məlum olduğu kimi, sosial şəbəkələrdə reklamlar istifadəçilərin maraq dairəsi, axtarışları və platformadakı davranışları əsasında fərdiləşdirilərək təqdim olunur. Bu səbəbdən Simonyanın paylaşdığı görüntülərdə əks olunan reklamlar da sosial şəbəkə istifadəçilərinin diqqətini cəlb edib.
Paylaşımdan sonra sosial şəbəkələrdə ironik rəylər səslənib. İstifadəçilərin bir qismi Simonyanın yeni ev almağa hazırlaşdığını, digərləri isə suşiyə xüsusi maraq göstərdiyini yazıblar.

