Energetika Nazirliyində növbəti kollegiya iclası keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Energetika naziri Pərviz Şahbazovun sədrliyi, nazirliyin
struktur bölmələri və tabeli qurumlarının nümayəndələrinin iştirakı
ilə növbəti kollegiya iclası keçirilib.

Bu barədə Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, kollegiya sədri iclasın gündəliyinə əsasən,
Energetika Nazirliyinin qarşısında duran tapşırıqların vaxtında və
səmərəli icrasının əhəmiyyətini vurğulayıb.




İclas zamanı “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının
2025-ci il 8 iyul tarixli 233-VIIQ nömrəli Qanununun tətbiqindən
irəli gələn tapşırıqların icra vəziyyəti haqqında hesabat təqdim
edilib. Bildirilib ki, tapşırıqlardan irəli gələrək 11 normativ
hüquqi akt layihəsi hazırlanıb ki, bunlardan 9-u artıq təsdiq
edilib. Azərbaycanda texniki reqlament olaraq ilk dəfə “Qaz
yanacağı ilə işləyən qurğu və avadanlıqların təhlükəsizliyi
haqqında Texniki Reqlament” qəbul edilib.

İclasın gündəliyinə uyğun olaraq, “Azərbaycan Respublikasının
enerji balansı” adlı məhdud giriş imkanlarına malik elektron
məlumat bazasının yaradılması üzrə görülmüş işlər haqqında məlumat
verilib. Məlumat bazasının istifadə qaydaları, statistik
təhlillərin aparılması imkanları haqqında danışılıb, bazanın real
vaxt rejimində izlənə bilməsinin proseslərin daha səmərəli, sürətli
və şəffaf formada aparılmasını təmin etdiyi vurğulanıb.

İclasın yekununda müzakirə olunan məsələlərlə bağlı müvafiq
tapşırıqlar verilib.