
Çilidə 2016-cı ildə baş verən ekoloji böhranın ağır nəticələri ilə bağlı yeni tədqiqatların təfərrüatları məlum olub.
Metbuat.az xatırladır ki, həmin dövrdə qızılbalıq (somon) fermalarında mikro yosunların kütləvi çoxalması səbəbindən milyonlarla balıq tələf olub.
Qurudakı emal müəssisələri yetərsiz qaldığı üçün səlahiyyətli qurumlar təxminən 4 min 700 ton çürümüş balığın Çiloe adasının yaxınlığındakə Sakit okeanın sularına atılmasına icazə veriblər.
Bu hadisədən bir neçə həftə sonra bölgədə zəhərli yosunların səbəb olduğu böyük “qırmızı qabarma” hadisəsi qeydə alınıb. Dəniz məhsullarında iflic edici toksinlər aşkarlandığı üçün balıqçılıq tamamilə dayandırılıb, minlərlə insan gəlirsiz qalıb və adada geniş etiraz aksiyaları keçirilib. Alimlər çürüyən balıqların yaydığı maddələrin bu zəhərli yosunları artırdığını ehtimal etsələr də, fəsadların yeganə səbəbinin bu olmadığını, iqlim dəyişikliyi və El-Ninyo dalğasının da prosesə güclü təsir göstərdiyini bildirirlər.
Çili Ali Məhkəməsi isə bu hadisə ilə bağlı qərarında açıq dənizə balıq atılarkən ekoloji risklərin kifayət qədər nəzərə alınmadığını hökm edib.

