“Böyük Qayıdış” Proqramı çərçivəsində məcburi köçkünlər arasında sorğu layihəsinə start verilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu (IDD)
Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin
İşləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq çərçivəsində “Azərbaycan
Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa
dair I Dövlət Proqramı”na uyğun olaraq məcburi köçkünlər arasında
sorğu layihəsinin icrasına başlayıb.

ADA Universitetinin Mətbuat xidmətindən verilçən məlumata görə,
layihənin əsas məqsədi məcburi köçkünlərin sosial-iqtisadi və
demoqrafik vəziyyətinə dair geniş məlumat bazasının
formalaşdırılması, həmçinin Böyük Qayıdış Proqramı çərçivəsində
həyata keçirilən tədbirlərin planlaşdırılması və qərarqəbuletmə
prosesinin etibarlı məlumatlarla təmin edilməsinə töhfə
verməkdir.

Sorğu çərçivəsində məcburi köçkünlərin məşğulluq vəziyyəti, peşə
bacarıqları, təhsil səviyyəsi, rəqəmsal savadlılığı və elektron
xidmətlərə çıxış imkanlarının qiymətləndirilməsi də nəzərdə
tutulur.




Layihənin icrası çərçivəsində 30 iyun – 2 iyul tarixlərində
sorğuçular üçün xüsusi təlim proqramı təşkil olunub. Təlimlər
zamanı iştirakçılara layihənin məqsədi, sorğu metodologiyası,
müsahibə texnikaları, etik prinsiplər, eləcə də məlumatların
keyfiyyətinə nəzarət mexanizmləri ilə bağlı nəzəri və praktiki
biliklər təqdim edilib. Təlimlərin əsas məqsədi sorğuçuların sahə
işlərinə peşəkar hazırlığını təmin etməkdir.

Təlim mərhələsi başa çatdıqdan sonra ölkənin müxtəlif
bölgələrində məcburi köçkünlərlə sorğular keçiriləcək və
genişmiqyaslı məlumat toplanacaq. Toplanacaq məlumatların Böyük
Qayıdış Proqramı çərçivəsində gələcək qərarların və proqramların
hazırlanması üçün mühüm analitik baza rolunu oynayacağı
gözlənilir.