Gələn il tədiyə balansının cari əməliyyatlar hesabında 3 milyard dollar profisit olacaq

Baş səhifə

Bakı. Trend:

Gələn il Mərkəzi Bankın pul siyasətinin əsas məqsədi
inflyasiyanın hədəf daxilində saxlanılması olacaq.

Trend xəbər
verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bu
gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq
komitəsində “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin
müzakirəsi zamanı bildirib.




Sədr vurğulayıb ki, növbəti ildə pul siyasəti mövcud rejim
çərçivəsində həyata keçiriləcək: “Məzənnə sabitliyi 2026-cı ildə də
qiymət sabitliyinin başlıca lövbəri kimi çıxış edəcəkdir.
Proqnozlara görə növbəti ildə tədiyə balansının cari əməliyyatlar
hesabının profisitli olması valyuta bazarında tarazlığı
dəstəkləyəcəkdir. Mərkəzi Bankın son (oktyabr 2025) proqnozlarına
görə baza ssenari üzrə (neftin bir barelinin qiyməti 63.9 dollar və
qazın min kub metr üçün qiyməti 288 dollar) 2026-cı ildə tədiyə
balansının cari əməliyyatlar hesabında 3.0 milyard ABŞ dolları
ətrafında profisit olacağı gözlənilir”.

“Maliyyə sektoru üzrə prioritetlər “2024-2026-cı illərdə maliyyə
sektorunun inkişaf Strategiyası”-na uyğun həyata keçiriləcəkdir.
Strategiyanın icrası çərçivəsində ölkəmizdə maliyyə sisteminin
mühüm sektorları olan sığorta, kapital bazarları, ödəniş sistemləri
və rəqəmsal maliyyə kanallarının inkişaf etdirilməsi, habelə bank
sektorunun dayanıqlığının daha da gücləndirilməsi istiqamətində
işlər davam etdiriləcək”, – T. Kazımov qeyd edib.