Cənubi Koreyada APEC-in zirvə toplantısı başlayıb

Baş səhifə

Bakı. Trend:

Cənubi Koreyanın Kyoncu şəhərində Asiya-Sakit Okean İqtisadi
Əməkdaşlıq Təşkilatına (APEC) üzv tərəflərin liderlərinin 32-ci
zirvə toplantısı başlayıb.

Trend xəbər verir ki,
“Dayanıqlı gələcəyin qurulması” mövzusunda keçirilən tədbirin əsas
mövzusu birtərəfli ticarət və digər maneələrin çoxaldığı şəraitdə
dayanıqlılığı artırmaq və iqtisadi inkişafı stimullaşdırmaq
yollarını müzakirə etməkdir. Toplantıda APEC-ə üzv tərəflərin
liderləri, o cümlədən Çin Xalq Respublikasının Sədri Si Cinpin,
Yaponiyanın Baş naziri Sanae Takaiçi ilə yanaşı qonaq ölkə
beynəlxalq təşkilatların rəhbərləri də qatılır. ABŞ Prezidenti
Donald Tramp oktyabrın 30-da APEC-in biznes forumunda iştirak
etdikdən sonra Cənubi Koreyanı tərk edib.




Cənubi Koreya Prezidenti Li Cemyönün ofisindən verilən məlumata
görə, 2 gün davam edəcək toplantıda liderlər Asiya-Sakit okean
regionunu daha açıq, dinamik və dayanıqlı etmək yollarını müzakirə
edəcəklər. Sonda Kyoncu Bəyannaməsinin qəbul edilməsi
gözlənilir.

Qeyd edək ki, APEC ölkələrinin təsisçiləri Avstraliya, Bruney,
İndoneziya, Kanada, Malayziya, Yeni Zelandiya, Sinqapur, ABŞ,
Tailand, Filippin, Koreya Respublikası və Yaponiyadır. Bundan
əlavə, təşkilatın tərkibinə Çin, Meksika, Papua-Yeni Qvineya, Çili,
Rusiya, Vyetnam və Peru daxildir. APEC-in üzvü olan tərəflər qlobal
ümumi daxili məhsulun 60 faizini təmin edir.