
Bakı. Trend:
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin
cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq
Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum
əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən
otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə
nəticələndi.
2020-ci il oktyabrın 31-də Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin Almaniyanın ARD televiziya kanalına müsahibəsi dərc
edilib.
Trend
müsahibəni təqdim edir:
– Sentyabrın 27-də müharibə başladı. Sizin, “kim birinci
atəş açdı” sualına cavabınız nədir?
– Cavab, Ermənistandır və bizim sübutlarımız var. Çünki mülki
şəxslər və hərbçilər arasında ilk qurbanlar azərbaycanlılar idi.
Bu, bizə qarşı ardıcıl surətdə üçüncü hərbi təxribat idi. Birinci,
iyul ayında törədildi. O zaman onlar Ermənistan-Azərbaycan
sərhədinə hücum etdilər. Bizim mülki şəxslər və hərbi qulluqçular
arasında itkilərimiz olmuşdur. İkinci cəhd avqust ayında baş
vermişdir. Ermənistan diversiya qrupu göndərmişdir, onun başçısı
tərəfimizdən saxlanılmışdır və o, ifadə vermişdir ki, mülki
şəxslərə hücum etmək üçün göndərilmişdir. Üçüncü dəfə sentyabrın
27-də onlar təmas xəttinə yaxın yerləşən bəzi şəhər və kəndləri
ağır artilleriya bombardmanına tutdular. Biz cavab verdik və bu,
belə başlamışdır.
– Siz çox tutarlı və sərt cavab verdiniz. Nə üçün bu
dəfə belə etdiniz? Bu, İsrail və Türkiyə dronlarına görə Azərbaycan
Ordusunun üstün qüvvəyə malik olduğu üçün baş verdi?
– İsrail dronları bizdə artıq uzun illərdir ki, var. Yeri
gəlmişkən, onların bəziləri Ermənistanın işğal olunmuş bəzi
torpaqlarımızın işğaldan azad edilməsi zamanı başladığı təxribata
qarşı 2016-cı ildə istifadə olunmuşdur. Lakin o toqquşma Ermənistan
dayandığına görə bir neçə gün davam etdi. Onlar bu dəfə də
dayansaydılar, biz də dayanardıq. Lakin onlar dayanmadılar. Onlar
bizə böyük ziyan vurmaq istəyirdilər. Onlar təmas xəttindən çox
uzaqda yerləşən şəhərlərə raket atmağa başladılar və bizim mülki
şəxslər arasında çoxlu qurbanlarımız var – bu vaxtadək 69 nəfər.
Odur ki, biz özümüzü, xalqımızı müdafiə etməli və cavab verməli
idik. Bizim cavabımız sərt idi, amma onlar buna layiq idilər.
– Başa düşdüyümə görə Siz xüsusilə cənubda müəyyən
torpaqları azad etmisiniz, lakin, eyni zamanda, Dağlıq Qarabağa
yaxın, şimalda da. Bu müharibə nə qədər davam edəcək?
– Bu, Ermənistandan asılıdır. Mən bunu dəfələrlə demişəm. Biz bu
gün dayanmağa hazırıq. Yeri gəlmişkən, bizim üç dəfə atəşkəsə razı
olmağımız faktı hərbi toqquşmaları dayandırmaq və bu məsələni
danışıqlar masasında, siyasi yolla həll etmək iradəmizi nümayiş
etdirir. Lakin Ermənistan üç dəfə atəşkəsi kobud şəkildə
pozmuşdur.
– Onlar da eyni sözləri deyirlər.
– Bəli, əlbəttə ki, onlar deyirlər. Lakin baxın, görün nələr baş
verib. Oktyabrın 10-da humanitar atəşkəs elan olunmuşdu. Növbəti
gün onlar Ermənistan ərazisindən Gəncəyə ballistik raket atdılar.
Yəqin ki, siz bunun səbəb olduğu dağıntıları görmüsünüz və 10 mülki
şəxs öldürülmüşdür. Onlar deyirlər ki, bunu onlar etməyiblər. Lakin
bu, açıq-aydındır, çünki ballistik raketlərin buraxılışı peyk
vasitəsilə müşahidə edilir. Beləliklə, Minsk qrupunun üç həmsədr
ölkəsi, əlbəttə ki, bunu kimin etdiyini bilirlər. İkinci dəfə onlar
eyni şeyi etdilər. Onlar atəşkəs elan olunduqdan 2 dəqiqə sonra onu
pozdular. Üçüncü dəfə isə onlar dünən Tərtər şəhərinə kasetli raket
atanda bunu etdilər. Dörd nəfər öldürülmüşdür, onların arasında
yeddi yaşlı bir qız var. Beləliklə, bunu onlar ediblər. Bunu bizim
etdiyimizə dair heç bir sübut yoxdur. Bizim etdiyimiz bunun
əksidir. Mən demişdim ki, biz eyni qaydada cavab verməyəcəyik. Biz
onlara döyüş meydanında cavab verəcəyik. Biz şəhərlərə, mülki
şəxslərə hücum etmirik, yalnız döyüş meydanında cavab veririk.
Əlbəttə, biz özümüzü müdafiə etməliyik. Əgər onlar hücum edirlərsə,
əgər onlar itirdikləri mövqeləri geri almaq istəyirlərsə, biz sakit
dura bilmərik. Biz özümüzü müdafiə etməliyik. Biz nə qədər çox
müdafiə olunuruqsa, daha çox əraziləri azad edirik.
– Bu, eyni ilə onların iddia etdiyi məsələlərdir. Onlar
iddia edirlər ki, Siz kasetli raketlərdən istifadə edirsiniz. Hətta
Sizin orada və Dağlıq Qarabağda kasetli raketlərdən istifadə
etdiyinizə dair “Amnesty International” və “Human Rights Watch”
təşkilatlarından bəzi dəlillər var idi. Nəyə görə Siz bu növ
silahlardan istifadə edirsiniz?
– Biz onlardan istifadə etmirik. Biz özümüzü müdafiə edirik. Biz “Amnesty International” və “Human Rights Watch” təşkilatlarını
Azərbaycana dəvət etmişik. Əfsuslar olsun ki, onlar hadisələri
yalnız Ermənistan tərəfindən işıqlandırırlar. Onlar bura gəlmək
üçün bizə müraciət etməyiblər. Ona görə bizdə onların qərəzliliyi
ilə bağlı böyük şübhələr var.
– Lakin mənim indi bildiyimə görə onlar gəlirlər. “Human
Rights Watch” təşkilatı gəlir, mənə deyiblər.
– Onlar bizim “Nəyə görə buraya gəlmirsiniz?” dediyimizə görə
gəlirlər. Biz onlara “xahiş edirik, buraya gəlin” müraciətini
etdikdən sonra onlar gəlməyə razılıq verdilər. Lakin onlar birinci
növbədə niyə gəlmədilər?
– Onlar mənə gəlmək istədiklərini deyiblər. Bir neçə
dəfə müraciət ediblər, lakin Siz onlara girişə icazə
verməyibsiniz.
– Xeyr. Bu, mümkün deyil. Çünki biz elə dünən onların nəyə görə
gəlmədiklərini, qoyun, gəlsinlər Gəncəyə, Tərtərə getsinlər
demişik. Ermənilərin hücum etdiyi insanlarla görüşsünlər. Yenə də
ballistik mərminin buraxılışı peykdən görünür. Heç kim deyə bilməz
ki, biz Dağlıq Qarabağda və ya Ermənistanda mülki şəxslərin
yaşadığı istənilən yerə ballistik raket atmışıq.
– Gəlin, yenə Sizdən kasetli silahlarla bağlı soruşum.
Çünki Sizin də bildiyiniz kimi bu, çox ciddi mövzudur. Mən “Human
Rights Watch” təşkilatının araşdırmasına baxdım və sübut ondan
ibarət idi ki, çox maraqlıdır, onların şəkilləri var idi, onlarda
hətta silahın adı da var idi. Onların dediyinə görə, onun adı
İsrail istehsalı olan LAR 160 kasetli bomba idi. Bu faktları
həqiqətən də mübahisə predmetinə çevirirsiniz?
– Bəli, əlbəttə ki. Bununla bağlı heç bir sübut yoxdur. Mən
istərdim ki, onlar buraya gəlsinlər və o dəlilləri təqdim etsinlər.
Eyni zamanda, Gəncəyə, Tərtərə, Bərdəyə getsinlər və ermənilərin
hansı növ silahlardan istifadə etdiklərini görsünlər. Qərəzsiz
olsunlar…
– Onlar burada silah tapsalar, Siz onların araşdırmasına
güvənərsiniz?
– Onlar bunu etməlidirlər. Çünki onların “yox” demək imkanı
yoxdur. Qoyun, onlar desinlər. Çünki bu vaxtadək “Human Rights
Watch” və “Amnesty International” təşkilatları Azərbaycana qarşı
çox aqressiv idi. Onlar heç vaxt Ermənistanda insan haqlarının
pozulması ilə bağlı heç bir şərh verməyiblər. Ermənistan
həbsxanasında jurnalist öləndə onlar sakit idilər. Ermənistanın
əsas müxalifət partiyasının rəhbəri həbs edildikdə onlar səssiz
idilər. Sabiq prezidentlərin məhkəmə işi gedəndə onlar səssiz
idilər. Onlar görmək istəmirlər. Çünki onların təşkilatlarında
erməni əsilli insanlar var və bu təşkilatlardan əsasən Azərbaycanın
imicinə xələl gətirmək üçün istifadə olunur. Lakin buna baxmayaraq,
biz onları dəvət etdik, qoyun, onlar gəlsinlər və gördüklərini
desinlər.
– Əslində, Siz heç vaxt BMT-nin kasetli silahları
haqqında konvensiyasını imzalamayıbsınız. Nəyə görə, bu, Sizin üçün
problemdir? Əslində, Siz ondan istifadə edə
bilərdiniz.
– Ermənistan onu imzalayıb?
– Xeyr, lakin biz indi Ermənistandan deyil,
Azərbaycandan danışırıq.
– Biz münaqişə haqqında danışırıq. Bizim hansısa konvensiyanı
imzalamağımız və ya imzalamamağımız faktı bizim o silahdan istifadə
etməyimiz və ya etməməyimiz anlamına gəlmir. Bizim kifayət qədər
silah-sursatımız var. Bizim müasir silahlarımız var və biz onları
döyüş meydanında nümayiş etdiririk. Bizim etdiklərimiz budur, biz
əraziləri bombalarla azad etmirik, biz əraziləri, kəndləri,
şəhərləri bir-birinin ardınca işğaldan azad edən və Azərbaycan
bayrağını ucaldan döyüşçülərimizlə azad edirik. Bu, belə
edilir.
– Bu mövzuya gəlmişkən, yeddi rayonun hamısını azad
etmək, bundan sonra danışıqları aparmaq və Dağlıq Qarabağın
muxtariyyət zonası ilə bağlı bir razılığa gəlmək məqsəd
deyilmi?
– Biz bunu təklif etdik. Lakin ermənilər bunu həmişə rədd
ediblər. Minsk qrupunun həmsədrləri mənim dediklərimi təsdiqləyə
bilərlər. Biz həmişə təklif edirdik, biz həmişə sülh planına, belə
adlandırılan əsas prinsiplərə sadiq idik. Bu prinsiplər
Azərbaycanın işğal edilmiş ərazilərinin mərhələlərlə boşaldılmasını
nəzərdə tuturdu. Birinci mərhələdə beş rayon, ikinci mərhələdə iki
rayon. Lakin indi bu beş rayonun demək olar ki, hamısı işğaldan
azad edilib. Buna görə Ermənistan həmişə buna qarşı olub. Səmimi
söyləsək, əraziləri azad etdikdən sonra döyüş meydanında
gördüklərimiz, orada qurulmuş istehkam qurğuları, – onlar bəlkə də
bu qurğulara yüz milyonlarla dollar xərcləyiblər, – göstərir ki,
onlar bu ərazilərdən çıxmağı planlaşdırmayıblar. Çünki əgər
ərazilərdən çıxmağı planlaşdırsaydılar, bu qədər çox sərmayə
yatırmazdılar. Müasir avadanlıq, müasir silahlar, müasir istehkam
texnologiyası ilə təchiz olunmuş bir neçə müdafiə səddi var idi.
Buna görə danışıqlar masasında onların bütün davranışı vasitəçiləri
və bizi aldatmaq cəhdindən ibarət idi. Onlar danışıqları sonsuz
edirdilər və vaxt qazanmaq istəyirdilər, onlar 27 il ərzində buna
nail ola bildilər. Buna görə, biz əsas prinsiplərə sadiqik. Yeddi
rayon bizə qaytarılmalıdır. Ermənilər heç vaxt bu rayonlarda
yaşamayıblar. Üstəgəl, Dağlıq Qarabağdan qovulmuş azərbaycanlılar,
– müharibədən əvvəl Dağlıq Qarabağda Azərbaycan əsilli 40 min insan
var idi, – oraya qayıtmalıdır və plan belə icra olunmalıdır.
– Azərbaycanın heç bir təsiri olmadan muxtar
rayon?
– Bu, müzakirələrin bir hissəsi idi. Lakin biz bununla bağlı
yekun razılığa gəlmədik.
– Lakin Siz buna razılaşardınız?
– Biz bunu indi müzakirə etməliyik. Çünki indi ortada yeni
reallıq var. Biz həmişə eşitmişik ki…
– Siz orada – muxtar regionda hansı təsirə malik olmaq
istəyirsiniz? Bu, özü-özlüyündə ziddiyyət təşkil edir.
– Xeyr. Əvvəla, biz heç bir muxtar rayon razılığına gəlməmişik.
Bu, birincisi. Biz bu razılığa gəlməmişik. Biz bunu təklif edəndə
ermənilər bunu rədd edirdilər. Onlar bizim razı olmadığımız
müstəqillik tələb edirdilər. İndi ortalıqdakı reallıqlar dəyişib.
Biz dəfələrlə eşitmişik ki, reallıqlar var və siz onları nəzərə
almalısınız. Yaxşı. Biz dəyişdik reallıqları. İndi onlar bunları
nəzərə almalıdır və bu, 27 il ərzində bizim onlara təklif
etdiklərimiz ola bilsin, artıq öz qüvvəsini itirib. Ona görə indi
biz müzakirələr aparmalıyıq və yeri gəlmişkən, Ermənistan hazır
olduğu təqdirdə biz danışıqların yeni mərhələsinə başlamaq və
danışıqlar masasında Dağlıq Qarabağın gələcəyini müzakirə etmək
üçün Xarici İşlər nazirimizi sabah Cenevrəyə göndərməyə hazırıq.
Lakin bunun üçün Ermənistan dayanmalıdır. Onlar bu aylar ərzində
həmişə bizim azad etdiyimiz əraziləri geri almaq istəyiblər və bu
da onların məğlubiyyətinin əsas səbəbidir.
– Biz orada, bu ərazidə olduqda bizdə bir sual ortaya
çıxdı. Nəyə görə Qarabağ Azərbaycan üçün belə önəmlidir? Orada
resurslar var, yoxsa bu, bir rəmzi məna daşıyır?
– Elzas və Lataringe sizin üçün önəmlidir? Bavariya sizin üçün
önəmlidir? Yaxud Reyn-Vestfaliya? Bu, bizim torpaqdır, beynəlxalq
səviyyədə tanınan bizim ərazimizdir. Bu, resurslar məsələsi deyil.
Əsas resurslar burada, Bakıdadır. Bu, ədalət məsələsidir, bu, milli
qürur məsələsidir və bu, beynəlxalq hüquq məsələsidir. Beynəlxalq
hüquq və bütün beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycanın
ayrılmaz hissəsi kimi tanıyır. Biz ədaləti bərpa edirik və biz BMT
Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalan
qətnamələrini icra edirik.
– Siz qəbul edirsiniz ki, bu regionda insanların
əksəriyyəti dünya üzrə əksər tarixçilərin dediyi kimi, ermənilər
olub?
– Tarixə gəlincə, sizə deyə bilərəm ki, ermənilər bu regiona XIX
əsrin əvvəlində Qarabağ xanlığı ilə Rusiya imperiyası arasında sülh
sazişindən, – onu İbrahim Xəlil xan və rus generalı Sisianov
imzalamışlar – sonra köçürülüb və ya gətirilib.
– Onlar orada əsrlərboyu yaşamırlar?
– Xeyr, xeyr. Onlar Dağlıq Qarabağa 1805-ci, 1813-cü, 1828-ci
illərdə imzalanmış Kürəkçay, Gülüstan və Türkmənçay sülh
sazişlərindən sonra köçürülməyə başlayıblar. İnternetdə görə
bilərsiniz. Bu sazişlərdə ermənilər qeyd olunmur. Ermənilər
sonradan Çar Rusiyası tərəfindən Şərqi Anadolu və İrandan regionun
etnik və dini tərkibini dəyişdirmək məqsədilə gətiriliblər.
– Belə çıxır ki, tarixçilərin, Qafqaz regionu üzrə
ekspertlərin əksəriyyəti səhv edirlər?
– Bəli, əlbəttə. Çünki sənədlərə baxın. Tarixçilər, hansı
tarixçilər? Müxtəlif tarixçilər var və bəzən tarix siyasi
üstünlüklərlə motivasiya olunur. Lakin həmin sənədlərə baxın,
internetdə var və siz görə bilərsiniz. Əgər siz erməni əhali ilə
bağlı hər hansı qeyd tapsanız, deyərsiniz ki, mən səhv edirəm.
Beləliklə, bu, belə olub. Lakin digər məsələ ondan ibarətdir ki,
bəli, onlar 200 il ərzində orada yaşayıblar və “Qarabağ” sözü
Azərbaycan sözüdür, erməni sözü deyil. Siz bilirsiniz onlar Dağlıq
Qarabağın qondarma paytaxtını necə adlandırırlar? Stepanakert.
Bilirsiniz kimin şərəfinə adlandırılıb? Stepan Şaumyanın. Erməni
əsilli rus bolşeviki Stepan Şaumyan 1918-ci ildə azərbaycanlılara
qarşı soyqırımı törətmiş cinayətkar dəstənin rəhbəri idi. Əgər bu,
qədim Ermənistan ərazisi idisə, niyə Qarabağ adlandırılır? Niyə
paytaxt şəhər hansısa qədim adla deyil, Stepanakert adlanır? Çünki
onlar orada 200 il yaşayıblar. 1978-ci ildə orada yaşayan ermənilər
Dağlıq Qarabağa gəlişlərinin 150 illiyi münasibətilə abidə
ucaltdılar. Bu, tarixdir. Lakin bir daha deyirəm, onlar 200 il
boyunca yaşayıblar və biz onların yaşamağını istəyirik. Mən
dəfələrlə demişəm ki, biz azərbaycanlıların geri qayıtmağını və
ermənilərin 200 il boyunca tarixən yaşadıqları ərazidə yaşamağını
istəyirik, nəyin bahasına olursa-olsun.
– Buna baxmayaraq, bu insanlar Sizin hərbi
əməliyyatlara, dedikləri kimi etnik təmizləməyə məruz
qalırlar?
– Xeyr, əsla. Biz etnik təmizləməyə məruz qalmışıq. Onlar Dağlıq
Qarabağı və 7 ətraf rayonu işğal edəndə, bu 7 rayonda, o cümlədən
Dağlıq Qarabağın bir hissəsi olan Şuşada 750 min azərbaycanlı etnik
təmizləməyə məruz qaldı. Etnik təmizləməyə məruz qalan biz olmuşuq.
Biz ermənilərə qarşı etnik təmizləmə aparmamışıq və bunu indi də
etməyi planlaşdırmırıq. Çünki mən demişəm ki, biz birlikdə
yaşamalıyıq. Bu, asan olmayacaq. Lakin biz öyrənməliyik.
– Lakin indi orada, son bir neçə həftədə mülki şəxslər
qətlə yetirilib?
– Azərbaycanın da mülki şəxsləri qətlə yetirilib – 69 nəfər.
– Orada da.
– Bəli. Çünki bu, müharibədir. Lakin 69 mülki şəxs münaqişə
zonasından uzaqda olan Gəncədə və digər ərazilərdə qətlə yetirilib,
300-dən çox mülki şəxs yaralanıb. Bu, müharibədir. Əfsuslar olsun
ki, bu, olur.
– Mən 5 il İsraildə yaşamışam. Yaxşı bilirəm ki, İsrail
dronları çox dəqiqdir. Demək istəyirəm, mənim anladığım qədəri ilə
bu, dron vasitəsilə edilməyib?
– Xeyr.
– Necə olub ki, Dağlıq Qarabağda kilsəyə zərbə
endirilib.
– Artıq qeyd etdiyim kimi, bu, ehtimal ki, bizim artilleriyanın
səhvi olub və ya, ikinci variant o ola bilər ki, ermənilər bizi
günahlandırmaq üçün bunu özləri ediblər.
– Xristianlar öz kilsələrinə atəş açıblar?
– Lakin bu, kiçik ziyan idi. Dağılmayıb. Siz oranın şəkillərini
görmüsünüz? Kiçik ziyandır. Kilsə dağılmayıb. O, maksimum iki
həftəyə təmir edilə bilər. Ona görə də, bizdə şübhə var ki, bu,
bizi günahlandırmaq üçün onların özləri tərəfindən törədilmiş ola
bilər. Bakıdakı erməni kilsəsinə baxın. Biz onu qoruyub saxlayırıq.
Biz onu bərpa etmişik.
– Belə bir şeyi uydurmaq üçün müsəlmanların məscidi
dağıtmasını təsəvvürünüzə gətirə bilərsiniz?
– Mən bilmirəm. Ola bilsin. Ola bilsin ki, bu, baş versin, niyə
də yox. Burada, Bakıdakı erməni kilsəsi bizim tərəfimizdən qorunub
saxlanıb. Biz onu dağıtmamışıq. Biz onu qoruyuruq. Biz orada
minlərlə erməni kitabı saxlayırıq. Onlar isə işğaldan azad edilmiş
Zəngilanda məsciddə donuz saxlayırdılar. Fərq bundadır.
– Mən bildiyimə görə, oktyabrın 1-də Azərbaycanda bir
nəfər sülh tələb etdiyinə görə həbs olunub. Bəzi insan haqları
ekspertləri, müdafiəçiləri deyirlər ki, Siz bu müharibəyə həm də
xalqı ətrafınızda birləşdirmək, demokratiya və insan haqları ilə
bağlı ölkədəki problemlərdən diqqəti yayındırmaq üçün
başlamısınız.
– Bu, tamamilə yanlış qiymətləndirmədir. Birincisi, mənim həbs
olunan hər hansı şəxs barəsində məlumatım yoxdur. Əgər, adını deyə
bilərsinizsə, əgər, sizdə adı varsa, mənə deyin. Sizdə adı var?
– Hazırda məndə adı yoxdur, öyrənərəm.
– Öyrənəndə mənə deyərsiniz. Beləliklə, biz bu sualı etibarsız
hesab edə bilərik, çünki sizdə ad yoxdur və məndə də bu məlumat
yoxdur. Diqqətin yayındırılmasına gəlincə, diqqəti yayındırmağa
ehtiyac yoxdur. Bizim siyasi sistemimiz səmərəlidir. Bu toqquşmadan
əvvəl, hətta bizdə parlament seçkiləri keçirilməzdən əvvəl, mən
siyasi əməkdaşlığın bir növ yeni prosesinə start verdim. Biz
praktiki əməkdaşlığa başlamaq, düşmənçiliyə son qoymaq və ən azı
bir-birimizlə danışmağa başlamaq üçün bütün siyasi partiyalara açıq
müraciət etdik və iki partiyadan başqa bütün digər partiyalar,
onların 50-si bunu dəstəklədi. Biz müasir, yeni siyasi prosesə
başladıq. Hazırda parlamentimizdə çox sayda müxalifət üzvü var.
Siyasi proses çox səmərəlidir.
– Azərbaycanda bir çox müxalifət üzvləri də həbsdə
deyilmi?
– Xeyr, həbsdə olanlar törətdikləri cinayətlərə görə həbs
ediliblər. Burada siyasi ittiham irəli sürülmüş heç kim yoxdur və
müxalifət…
– Nə cür cinayətlər? Öz fikirlərini ifadə etməklə
bağlı?
– Xeyr, müxtəlif cinayətlər. Hər hansı digər cinayət kimi. Mən
dəqiq hansı olduğunu bilmirəm, amma bu, sadəcə olaraq, adi
cinayətlərdir. Beləliklə, bizim bu cür səbəbimiz yoxdur. İkincisi,
pandemiya dövründə bizim iqtisadi göstəricilərimiz ən yaxşılardan
biridir. İqtisadiyyatımız cəmi 3,9 faiz azalıb. Bu, bəzi Avropa
ölkələrində olduğundan xeyli aşağıdır. Azərbaycanda yoxsulluq
səviyyəsi 5 faizdir, xeyli aşağı. İşsizlik səviyyəsi 7 faizdir,
xeyli aşağı. Bizim konvertasiya oluna bilən valyuta ehtiyatlarımız
xarici borcumuzdan 6 dəfə çoxdur. Bizdə daxili problemlər yoxdur,
niyə mən buna başlamalıyam.
– Siz Azərbaycanı demokratiya nümunəsi
adlandırardınız?
– Xeyr, heç vaxt. Siz öz ölkənizi demokratiya nümunəsi
adlandırarsınız?
– Müəyyən mənada, bəli.
– Lakin siz müxalifətin nümayişlərinə qadağa qoyursunuz.
– Xeyr, belə deyil.
– Bəli, bəli. Nümayiş keçirmək istəyən ekstremist – adını
unutmuşam. Siz onlara qadağa qoydunuz.
– Mən bu barədə bilmirəm. Demək istəyirəm ki, hətta
koronavirus dövründə də etirazlar keçirirdilər.
– Xeyr, koronavirus dövründən əvvəl idi. Biz nümunə deyilik və
özümüzü bu cür göstərmirik. Lakin özlərini sanki belə göstərən
ölkələr var, amma onlar etirazçıları qətlə yetirirlər. Siz “sarı
jiletlilərin” etirazlarında neçə nəfərin qətlə yetirildiyini
bilirsinizmi? Bilirsiniz, 10-dan çox adam qətlə yetirilib.
– Amma biz Fransa barədə danışmırıq.
– Xeyr, gəlin, Avropa barədə danışaq.
– Azərbaycan barədə…
– Xeyr, gəlin özlərini guya demokratmış kimi aparanlardan
danışaq. Biz özümüzü elə aparmırıq. Bəli, bizim çatışmazlıqlarımız
var.
– Mən cənab Makrondan bu barədə soruşaram.
– Lakin etirazçılar qətlə yetirilirlər, küçədə etirazçıları
qətlə yetirirlər – 10 nəfər qətlə yetirilmişdi. Biz sizin Avropada
etirazçıları necə döydüyünüzə baxırıq, siz onları atlarla
döyürsünüz, itləri gətirirsiniz və bu, demokratiya hesab
olunur.
– Hazırda gəldiyim ölkə – Türkiyə bu hərbi
əməliyyatlarda, bu müharibədə Sizin üçün nə dərəcədə əhəmiyyət kəsb
edir? Burada türk əsgərləri var idi. Dünən biz onlardan bəziləri
ilə söhbət etdik. Onlar Türkiyədən olduqlarını
dedilər.
– Siz əsgərlərlə danışmısınız?
– Bəli.
– Döyüş meydanında?
– Xeyr, döyüş meydanında yox.
– Bəs harada?
– Bakı şəhərində.
– Onlar burada, Bakıda döyüşürlər?
– Xeyr, xeyr. Bununla belə, onlar
buradadırlar.
– İndi burada alman əsgərləri də ola bilər.
– Siz birgə hərbi təlimlər keçirirsiniz…
– Bəli, bəli, keçiririk.
– Əgər, bu münaqişəyə üçüncü ölkə cəlb olunsa, Siz
Türkiyədən kömək gözləyərsiniz?
– Biz hər hansı üçüncü ölkənin cəlb olunmasını istəmirik.
Hansısa ölkənin cəlb oluna biləcəyini biz görmürük. Çünki bizi
əhatə edən ölkələr bizim tərəfdaşlarımız və dostlarımızdır. Biz
bilirik ki, ermənilər onların bəzilərini bu döyüşə cəlb etmək
istəyirlər, lakin, əminəm, bu, baş verməyəcək. Bu, bizimlə
Ermənistan arasında olan döyüşdür və hər kəs ondan uzaqda
durmalıdır. Türk əsgərlər burada ola bilər, bəli. Ötən il biz 10
birgə hərbi təlim keçirmişik. Lakin bizim başqa ölkələrlə də çoxlu
təlimlərimiz olur. Biz NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramının
bir hissəsiyik. Burada qəribə heç nə yoxdur. Siz onları Bakıda
görmüsünüz, onları döyüşdə görməmisiniz.
– Türkiyəyə məxsus F-16-lar burada – Azərbaycanda
olduğuna görə özünüzü daha təhlükəsiz hiss edirsiniz?
– Türkiyənin F-16-ları bura təlimlə bağlı gəlib və ermənilər
bizə qarşı hücuma keçdiklərinə görə burada qalıblar. Onlar
həmrəylik əlaməti olaraq buradadır. Onlar heç bir döyüşdə iştirak
etmir. Onların burada iştirakı planlaşdırılmır.
– Atəşkəs 3 dəfə pozulub. Onlardan biri Fransa, biri
Rusiya, biri isə ABŞ-la danışıqlar nəticəsində elan edilmişdi. Bu
müharibəni hansı beynəlxalq güc dayandıra bilər?
– Düşünürəm ki, bunu Ermənistan dayandırmalıdır. Beynəlxalq güc
– sizin qeyd etdiyiniz bu üç ölkə Minsk qrupunun həmsədrləridir.
Onlar dünyanın aparıcı ölkələri, BMT Təhlükəsizlik Şurasının
üzvləridir, daimi üzvləri. Bu ölkələr Ermənistan qoşunlarının
çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Lakin bu ölkələr bu
qətnamələrin icrası üçün heç nə etməyiblər. Bu qətnamələr kağız
üzərində qalıb. Bu, onu göstərir ki, bu vasitəçilik səmərəli
olmayıb. Lakin, eyni zamanda, biz daha güclü ola biləcək bəzi başqa
ölkələr barədə düşünməyə bilmərik. Ona görə də, müharibəni
dayandırmağın yeganə yolu ondan ibarətdir ki, Ermənistan dayansın,
öz məğlubiyyətini qəbul etsin, bizim qələbəmizi qəbul etsin və
sonra ərazilərin bir hissəsini boşaltmaq barədə öhdəlik götürsün.
Biz istənilən halda onları azad edəcəyik. Biz əks-hücuma başlayanda
onlar inanmırdılar. Biz dedik – biz azad edəcəyik, bunu indi
dayandırın. Onlar hətta biz Füzulini geri qaytarandan sonra da
dayana bilərdilər. Dayanmadılar.
– Sizdə elə bir hiss varmı ki, onlar bu münaqişədə
həqiqətən də maraqlı deyillər?
– Siz kimi nəzərdə tutursunuz?
– Məsələn, həmin üç ölkə.
– Xeyr, məndə belə bir hiss yoxdur. Çünki əgər onlar maraqlı
olmasaydılar, vasitəçi olmazdılar. Onların ATƏT-dən mandatı
var.
– Lakin vasitəçilik uğurlu olmadı?
– Bəli, uğurlu olmadı, çünki onlar Ermənistana sanksiya tətbiq
etmədilər. Mən bu məsələni dəfələrlə qaldırmışam. Ermənistana qarşı
sanksiya tətbiq olunmalı idi, necə ki, Səddam Hüseyn Küveyti işğal
edəndə İraqa qarşı sanksiyalar tətbiq edilmişdi, dərhal. İraqa
qarşı ciddi sanksiyalar var idi. Əgər eyni şey Ermənistana
edilsəydi, onda onlar qüvvələri geri çəkərdilər.
– Deməli, onlar göz yumdular?
– Bəli, onlar göz yumdular. Mən deyərdim ki, göz yummadılar,
onlar hər zaman deyirdilər ki, hərbi həll yoxdur. Onlar bu
vəziyyətin bu və ya digər dərəcədə eyni qaydada davam etməsini
istəyirdilər. Düşünürəm ki, münaqişənin dondurulmuş kimi görünməsi
onları qane edirdi. Onlar düşünürdülər ki, bu, həmişəlik dondurula
bilər və onlar yalnız bəzi etimad yaratma tədbirləri, bəzi
monitorinqlər barədə düşünməyə çalışırdılar ki, heç bir toqquşma
olmasın. Amma onlar ATƏT-in qərarına uyğun olaraq öz mandatlarını
icra etmədilər. Onlar Ermənistanı məcbur etməli idilər. Düşünürəm,
bu ölkələrin hər biri Ermənistana birtərəfli qaydada elə bir mesaj
verə bilər ki, o, ona qulaq asmalı olar. Lakin onlar etmədilər.
– Siz onlara qulaq asırsınız?
– Mən hər bir tərəfdaşa qulaq asıram. Lakin bu, mənim qulaq
asdıqdan sonra nə etməyimdən asılıdır. Lakin mən qulaq asıram.
– İki gün əvvəl radioda Sizin Ermənistanın bu müharibəni
aparmaq üçün pulu haradan aldığını soruşduğunuzu eşitdim. Cavab
nədir?
– Heç bir cavab yoxdur. Mən bir aydır bu sualı verirəm. Biz
ilkin hesablama aparmışıq.
– Mənə elə gəlir ki, bu sualı davamlı olaraq verən
şəxsdə müəyyən mənada bir cavab olmalıdır.
– Cavabım olsaydı, soruşmazdım. Hələ də soruşuramsa, o deməkdir
ki, cavab almamışam. Biz məhv etdiklərimiz barədə minimum ilkin
hesablama aparmışıq, yeri gəlmişkən, mən bizim məhv etdiklərimizin
hamısını açıqlamamışam. Bu, olacaq. Bizim məhv etdiyimiz və qənimət
kimi götürdüyümüz sursatın dəyəri 2,7 milyard dollardır. Bu pul
haradan gəlir? Ermənistan kasıb ölkədir. Onun büdcəsi 2 milyard
dollardan azdır. Onun xarici borcu 8 milyard dollardır.
– Onları Rusiya dəstəkləyir.
– Bu, sizin fikrinizdir?
– Bu, rəsmidir. Sirr deyil. Başqa kimsə
var?
– Bəlkə də, mən bilmirəm. Beləliklə, mən soruşuram, amma heç bir
cavab verilmir. Ona görə də, soruşmağa davam edəcəyəm.
– Zati-aliləri, cənab Prezident, müsahibəyə görə çox sağ
olun.
– Təşəkkür edirəm.

