Azərbaycan Dünya Bankı ilə ölkədə biznes mühitinin təkmilləşdirilməsi imkanlarını müzakirə edib

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Dünya Bankının nümayəndə heyəti ilə keçirilən görüşdə
ölkədə biznes mühitinin təkmilləşdirilməsi, dayanıqlı iqtisadi
artımın və məşğulluğun təşviqi müzakirə olunub.

Bu barədə Trend İqtisadiyyat Nazirliyinə istinadən xəbər
verir.

Belə ki, İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Bankının
Avropa və Mərkəzi Asiya regionunda rifah üzrə regional direktoru
Əsəd Ələmin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.




Görüşdə Azərbaycan və Dünya Bankı arasında uğurlu əməkdaşlığın
həyata keçirildiyi vurğulanıb.

Azərbaycanda biznesin dinamik inkişafı, qeyri-neft-qaz
sektorunun, yaşıl və ixracyönümlü iqtisadiyyatın təşviqi,
sahibkarlığın, xüsusilə kiçik və orta müəssisələrin dəstəklənməsi
haqqında məlumat verilib. Həmçinin bu istiqamətlər üzrə çağırış və
imkanlar qeyd edilib. Milli iqtisadiyyatın inkişafı, özəl sektorun
əhəmiyyəti, inkişafa yönəlmiş investisiyaların təşviqi və
innovasiya təşəbbüslərinin dəstəklənməsi müzakirə olunub.

Tərəflər “Azərbaycan Respublikasının 2027-2030-cu illərdə
sosial-iqtisadi inkişaf Strategiyası” layihəsinə daxil edilməsi
planlaşdırılan istiqamətlər, biznes mühitinin təkmilləşdirilməsi,
dayanıqlı iqtisadi artımın və məşğulluğun təşviqi ilə bağlı fikir
mübadiləsi aparıblar. Beynəlxalq təcrübədə biznesin intensiv
inkişafı üzrə aparılmış təhlillərin nəticələrinin və özəl sektorun
stimullaşdırılması ilə bağlı tədqiqat metodologiyalarının
Azərbaycanda tətbiqi imkanları nəzərdən keçirilib.