
Bakı. Trend:
“Hamiləlik dövründə qadının qida rasionu həm öz sağlamlığı, həm
də dölün inkişafı üçün həyati əhəmiyyət daşıyır”.
Trend xəbər
verir ki, bu fikirləri “Sağlam radio”nun (93 FM) “Sağlam səhər”
verilişində mama-ginekoloq Sahilə Vəliyeva açıqlayıb.
Onun sözlərinə görə, bu müddətdə orqanizm daha çox enerji,
vitamin, mineral və zülal ehtiyac duyulur:
“Əgər bu tələblər qarşılanmazsa, həm ana, həm də döl üçün
müxtəlif sağlamlıq problemləri yarana bilər. Ananın sağlamlığına
təsirlər arasında ən çox rast gəlinən problemlərdən biri qan
azlığıdır. Dəmir və fol turşusu çatışmazlığı hamilələrdə tez
yorulma, halsızlıq və başgicəllənmə ilə özünü göstərir. Kalsiumun
kifayət qədər qəbul edilməməsi gələcəkdə sümük əriməsi riskini
artırır və ananın sümükləri zəifləyir. Vitamin və mineral
çatışmazlığı isə immuniteti zəiflədir və ananı yoluxucu
xəstəliklərə qarşı daha həssas edir. Əgər tərəvəz və lif az qəbul
olunarsa, qəbizlik və bağırsaq problemləri kimi həzm pozğunluqları
tez-tez müşahidə oluna bilər”.
S.Vəliyeva bildirib ki, dölün inkişafına təsirlər də ciddi
nəticələrə səbəb ola bilər:
“Ana kifayət qədər qida qəbul etmədikdə uşaq normadan az çəki
ilə doğula bilər. Protein və vitamin çatışmazlığı körpənin zehni və
fiziki inkişafına mənfi təsir göstərir və onun immunitetini
zəiflədir. Fol turşusu çatışmazlığı isə sinir borusu qüsurlarının
yaranmasına gətirib çıxara bilər. Ana bətnində düzgün qidalanmayan
uşaqlar böyüdükdə ürək-damar xəstəliklərinə, şəkərə və piylənməyə
daha meyilli ola bilərlər. Hamiləlik dövründə sağlam qidalanma və
düzgün həyat tərzi həm ana, həm də körpə üçün mühüm əhəmiyyət
daşıyır. Buna görə də bəzi əsas tövsiyələrə əməl etmək
vacibdir”.
Mama-ginekoloq sonda qeyd edib ki, qidalanma ilə bağlı olaraq
hər gün balanslı şəkildə zülal, vitamin və minerallar qəbul
edilməlidir:
“Pəhrizdə təzə meyvələr, tərəvəzlər, süd məhsulları, balıq və
qoz-fındıq mütləq yer almalıdır. “Fast-food”, qazlı içkilər və
hazır məhsullar isə minimuma endirilməlidir”.

