Bakı. Trend:
Azərbaycanın Beynəlxalq Nəqliyyat Forumunda (BNF) sədrliyi
çərçivəsində Bakıda BNF-nin dördüncü rüb iclasları keçirilib. Eyni
zamanda Nəqliyyatın İdarə Olunması Şurasının görüşü də baş
tutub.
Trend xəbər
verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təşkil
olunan toplantının açılışında Beynəlxalq Nəqliyyat Forumunun Baş
katibi Yunq Ta Kim çıxış edərək iclasın yüksək səviyyədə
keçirilməsinə görə Azərbaycana minnətdarlığını bildirib.
İclasda gündəlikdəki bir sıra mühüm məsələlər müzakirə edilib.
Gündəlik və əvvəlki iclasların protokolları təsdiqlənib. Sonra Baş
katib forumun fəaliyyəti və görülən işlər haqqında hesabat, eləcə
də 2026-cı il üçün İş Proqramı və Büdcə layihəsini təqdim edib.
Tədbirdə, həmçinin BNF-nin strateji tövsiyələrinin icrasına dair
monitorinq mexanizmi, Yol Nəqliyyatı Qrupu və Tədqiqat Komitəsinin
fəaliyyəti, beynəlxalq nəqliyyat tədqiqatlarının sənədləşdirilməsi
üzrə strateji baxış kimi məsələlər barədə məlumatlar təqdim
olunub.
Azərbaycan tərəfi vurğulayıb ki, 2026 – 2027-ci illər üçün
Tədqiqat Komitəsinin İş Proqramı ölkəmizin sədrliyi dövrünün
prioritetlərini – beynəlxalq nəqliyyat əlaqələrinin
rəqəmsallaşdırılması və şəhər nəqliyyatının inkişafı
istiqamətlərində hazırlanacaq tövsiyələri dəstəkləməsi baxımından
xüsusi əhəmiyyət daşıyır.
Qeyd edək ki, Azərbaycanın BNF-də sədrlik dövründə prioritetləri
beynəlxalq nəqliyyat əlaqələrinin möhkəmləndirilməsi, Forumun
üzvlüyünün genişləndirilməsi, ECMT Çoxsaylı Lisenziya Sisteminə üzv
ölkələrin sayının artırılması ilə bilik mübadiləsinin təşviqi
məsələlərini əhatə edir. Bu istiqamətlər çərçivəsində Azərbaycan
dayanıqlı, inteqrasiya olunmuş və innovativ nəqliyyat siyasətinin
formalaşmasına töhfə verməyi hədəfləyir.
Həmçinin iclasda 2026-cı il Sammitinin proqram layihəsi barədə
məlumat təqdim olunub və Azərbaycan sədrliyinin nazirlər üçün
tövsiyə sənədinə dair təklifləri müzakirə edilib.
Toplantının sonunda Türkiyənin 2027 – 2028-ci illər üzrə BNF
sədrliyini öz üzərinə götürəcəyi elan olunub. İştirakçı ölkələr
əməkdaşlığın gücləndirilməsi barədə razılığa gəliblər.

