
Bakı. Trend:
İyulun 3-ü Bakı Kristal Zalında Azərbaycan Memarlıq və İnşaat
Universitetini (AzMİU) uğurla bitirən tələbələrin “Məzun Günü”
münasibətilə möhtəşəm və yaddaqalan mərasim keçirilib.
Təntənəli tədbirdə universitetin rəhbərliyi, professor-müəllim
heyəti, dövlət qurumlarının nümayəndələri, ali təhsil
müəssisələrinin rəhbərləri, tikinti və sənaye sektorunun aparıcı
şirkətlərinin təmsilçiləri, elm və ictimaiyyət xadimləri, məzunlar
və onların valideynləri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin
səsləndirilməsi ilə başlayıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin
və ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda
canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla
yad olunub.
Mərasimin açılışında çıxış edən AzMİU-nun rektoru, memarlıq
doktoru, professor Gülçöhrə Məmmədova məzunları təbrik edərək
bildirib ki, məzun günü gənclər üçün həyatında yeni mərhələnin
başlanğıcıdır. Rektorun sözlərinə görə, bu gündən etibarən
universitetdə qazandıqları bilik və bacarıqları ölkənin inkişafına
yönəltmək məsuliyyəti məzunların üzərinə düşür.
Professor Gülçöhrə Məmmədova bildirib ki, 2025/2026-cı tədris
ilində AzMİU-da ümumilikdə 3038 tələbə məzun adı qazanıb. Onlardan
2987 nəfəri adi, 51 nəfəri isə fərqlənmə diplomu alıb. Məzunlardan
35 nəfəri əcnəbi vətəndaşdır. Bakalavriat səviyyəsində təhsilini
başa vuran tələbələrdən 5 nəfər dünyanın nüfuzlu universitetləri
ilə ikili diplom proqramı üzrə məzun olur.
Rektor qeyd edib ki, universitetdə ilk dəfə informasiya
təhlükəsizliyi ixtisası üzrə buraxılış həyata keçirilib və bu
ixtisası 30 tələbə bitirib. Magistratura səviyyəsi üzrə 868 tələbə
məzun olub ki, onlardan 365 nəfəri MBA proqramları üzrə təhsil
alıb. Magistratura üzrə 12 tələbə ikili diplom proqramını uğurla
başa vurub. Onlardan 3 nəfər təhsilinin bir hissəsini xarici
tərəfdaş universitetlərdə davam etdirib; 2-si İtaliyanın Milan
Politexnik Universitetində, 1-i isə Böyük Britaniyanın Vestminster
Universitetində təhsil alıb. Bundan əlavə, fənlərarası magistr
proqramları üzrə 73 tələbə məzun olub.
Onun sözlərinə görə, builki məzunlar arasında 61 yaşlı məzunun
da olması AzMİU-da təhsilin hər yaş üçün əlçatan olduğunu və
universitetin ömürboyu təhsil prinsiplərini uğurla həyata
keçirdiyini göstərir. Bu fakt, eyni zamanda, cəmiyyətin müxtəlif
yaş qruplarının AzMİU-ya olan yüksək etimadının, universitetin
təhsil keyfiyyətinin daha bir göstəricisidir.
Professor Gülçöhrə Məmmədova vurğulayıb ki, Azərbaycan Memarlıq
və İnşaat Universiteti yarım əsrdən artıq fəaliyyəti dövründə
ölkənin memarlıq, şəhərsalma, inşaat, nəqliyyat, geodeziya,
ekologiya, dizayn və mühəndislik sahələrinin inkişafına mühüm
töhfələr verən on minlərlə yüksəkixtisaslı mütəxəssis yetişdirib.
Bu gün universitetin məzunları Azərbaycanın ən iri dövlət
qurumlarında, elmi müəssisələrində, layihə institutlarında, tikinti
şirkətlərində, sənaye müəssisələrində və beynəlxalq təşkilatlarda
uğurla fəaliyyət göstərirlər.
O vurğulayıb ki, AzMİU dünyanın nüfuzlu ali təhsil müəssisələri
ilə əməkdaşlığını davam etdirir, ikili diplom proqramlarını
genişləndirir, beynəlxalq layihələrdə fəal iştirak edir, tələbə və
müəllim mübadiləsi proqramlarını uğurla həyata keçirir. Bu
əməkdaşlıqlar universitetin beynəlxalq reytinqlərdə mövqeyinin
möhkəmlənməsinə və məzunların qlobal əmək bazarında rəqabət
qabiliyyətinin artmasına mühüm töhfə verir.
Professor Gülçöhrə Məmmədova bildirib ki, Prezident İlham
Əliyevin rəhbərliyi ilə ölkədə elmin, təhsilin inkişafına
göstərilən dövlət qayğısı mühəndis və memar hazırlığında yeni
imkanlar yaradıb. Onun sözlərinə görə, Azərbaycanın sürətli
sosial-iqtisadi inkişafı yeni dövrün çağırışlarına cavab verən
peşəkar mühəndis və memar kadrlarının hazırlanmasını strateji
vəzifəyə çevirib. AzMİU da bu missiyanı uğurla yerinə yetirmək üçün
müasir təhsil texnologiyalarını, innovativ yanaşmaları tətbiq edir,
əmək bazarının tələblərinə uyğun kadr hazırlığını davamlı şəkildə
təkmilləşdirir.
Rektor məzunlara müraciət edərək bildirib ki, onların əldə
etdikləri diplom təkcə bilik və bacarıqlarının deyil, həm də böyük
məsuliyyətin ifadəsidir. O qeyd edib ki, memar və mühəndislərin
fəaliyyəti şəhərlərin inkişafına, insanların həyat keyfiyyətinə və
ölkənin gələcəyinə birbaşa təsir göstərir. Buna görə də peşə
fəaliyyətində daim yeniliklərə açıq olmaq, etik prinsiplərə sadiq
qalmaq və Vətənə layiqincə xidmət etmək hər bir AzMİU məzununun
əsas vəzifəsidir.
Çıxışının sonunda rektor valideynlərə və professor-müəllim
heyətinə təşəkkürünü bildirərək məzunlara uğurlu karyera, yeni
nailiyyətlər və möhkəm cansağlığı arzulayıb.
Elm və təhsil nazirinin müavini İdris İsayev çıxış edərək
Azərbaycan Memarlıq və İnşaat Universitetinin ölkənin mühəndis və
memarlıq təhsilində xüsusi yer tutduğunu bildirib. O qeyd edib ki,
müasir dövrdə əmək bazarının tələblərinə cavab verən peşəkar
kadrların hazırlanması dövlətin təhsil siyasətinin
prioritetlərindəndir.
Nazir müavini AzMİU-da həyata keçirilən təhsil islahatlarını,
beynəlxalq əməkdaşlıqları, innovativ yanaşmaları və
universitet-sənaye tərəfdaşlığını yüksək qiymətləndirərək
vurğulayıb ki, bu istiqamətdə görülən işlər məzunların peşəkar
bacarıqlarının inkişafına və onların əmək bazarında rəqabət
qabiliyyətinin artırılmasına mühüm töhfə verir.
İdris İsayev məzunları təbrik edərək onlara fəaliyyətlərində
uğurlar arzulayıb, əldə etdikləri bilik və bacarıqları ölkənin
inkişafı naminə səmərəli şəkildə tətbiq edəcəklərinə əminliyini
bildirib.
Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov
çıxışında AzMİU-nun zəngin ənənələrə malik ali təhsil müəssisəsi
kimi Azərbaycan elminə, memarlıq və mühəndislik sahələrinin
inkişafına mühüm töhfələr verdiyini bildirib. O qeyd edib ki,
universitetin yetişdirdiyi minlərlə məzun bu gün ölkənin müxtəlif
dövlət qurumlarında, elmi müəssisələrində və özəl sektorda uğurla
fəaliyyət göstərərək Azərbaycanın sosial-iqtisadi inkişafında
yaxından iştirak edir.
Komitə sədri müasir dövrün çağırışlarına uyğun bilik və
bacarıqlara malik gənc mütəxəssislərin hazırlanmasının xüsusi
əhəmiyyət daşıdığını vurğulayaraq məzunlara peşə fəaliyyətlərində
daim yeniliklərə açıq olmağı, biliklərini davamlı inkişaf etdirməyi
və Vətənə layiqincə xidmət etməyi arzulayıb.
Çıxışlarda AzMİU-nun ölkənin tikinti, memarlıq və mühəndislik
sahələri üçün yüksəkixtisaslı mütəxəssislər hazırlayan aparıcı ali
təhsil müəssisələrindən olduğu vurğulanıb.
Qeyd olunub ki, universitetin məzunları bu gün Azərbaycanın
aparıcı tikinti və layihələndirmə şirkətlərində uğurla fəaliyyət
göstərirlər. Xüsusilə, ölkənin ən böyük tikinti şirkətlərindən biri
olan “Kristal Abşeron”un mühəndis və memar heyətində AzMİU
məzunları geniş təmsil olunur. Bununla yanaşı, universitet
məzunları SOCAR, “Bakı Metropoliteni” QSC, Dövlət Şəhərsalma və
Arxitektura Komitəsi, “Azərgold”, PMD Projects MMC”, “PROYAPI”,
“Holcim”, “Təmiz Şəhər” ASC, “AzVirt” MMC və digər nüfuzlu dövlət
qurumu və şirkətlərdə peşəkar fəaliyyət göstərərək ölkənin tikinti
sektorunun inkişafına əhəmiyyətli töhfələr verirlər. Bu, AzMİU-da
həyata keçirilən praktikyönümlü təhsilin, universitet-sənaye
əməkdaşlığının və məzunların yüksək peşəkarlığının mühüm
göstəricisi kimi qiymətləndirilir.
Tədbirin rəsmi hissəsində müxtəlif fakültələri fərqlənmə diplomu
ilə bitirmiş tələbələr səhnəyə dəvət olunaraq diplomlarla təltif
ediliblər. Təhsil müddətində yüksək akademik göstəricilər nümayiş
etdirən, universitetin ictimai həyatında fəallıq göstərən,
beynəlxalq layihələrdə və sosial proqramlarda uğur qazanan
məzunlara sertifikatlar, xatirə hədiyyələri təqdim olunub. Eyni
zamanda, müxtəlif dövlət qurumları, tərəfdaş təşkilatlar tərəfindən
bir qrup məzun fəxri fərman və təşəkkürnamələrlə
mükafatlandırılıb.
Rəsmi hissədən sonra tədbir bədii-musiqili proqramla davam edib.
Azərbaycanın tanınmış incəsənət nümayəndələrinin çıxışları
məzunlara və qonaqlara unudulmaz anlar yaşadıb. Tədbirin
kulminasiya nöqtəsində məzunlar ənənəvi olaraq başlıqlarını havaya
ataraq tələbəlik illəri ilə vidalaşıb, gələcək həyat və peşə
fəaliyyətlərinə inamla qədəm qoyublar.
Yüksək təşkilatçılıq səviyyəsində keçirilən “Məzun Günü”
mərasimi AzMİU məzunlarının yaddaşında ömürboyu unudulmayacaq
əlamətdar gün kimi qalmaqla yanaşı, onların universitetlə bağlı ən
dəyərli xatirələrindən birinə çevrilib.

