ADY rəhbərliyi Rusiya və İranla dəmir yolu sahəsində əməkdaşlığın inkişafını müzakirə edib (FOTO)

Baş səhifə

Bakı. Trend:

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları”
QSC-nin (ADY) sədri Rövşən Rüstəmovun rəhbərlik etdiyi nümayəndə
heyəti Rusiya Federasiyasına işgüzar səfər çərçivəsində Rusiya
Dəmir Yollarının (RJD) rəhbərliyi ilə ikitərəfli, həmçinin Rusiya
və İran dəmiryol administrasiyalarının rəhbərlərinin iştirakı ilə
üçtərəfli görüşlər keçirib.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Mətbuat
xidmətindən məlumat verilib.

Bildirilib ki, görüşlərdə tərəflər arasında qarşılıqlı
əməkdaşlığın mövcud vəziyyəti və genişləndirilməsi, Şimal–Cənub
Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı, marşrutun səmərəliliyinin
və yükdaşımaların artırılması müzakirə olunub.

Tərəflər dəhliz üzrə rəqəmsallaşma proseslərinin
sürətləndirilməsi və müasir rəqəmsal həllərin tətbiqi istiqamətində
əməkdaşlıq imkanlarını da nəzərdən keçiriblər.

Sonda üçtərəfli görüşün yekunu üzrə protokol imzalanıb.




Rusiya dəmiryol administrasiyasının rəhbərliyi ilə görüşdə insan
kapitalının inkişafı məsələləri də müzakirə olunub, ADY və RJD
arasında kadr potensialının gücləndirilməsi üzrə fikir mübadiləsi
aparılıb.

Səfər çərçivəsində həmçinin Rusiyadakı yüköndərənlərlə görüş
keçirilib. Görüşdə ADY-nin Şərq–Qərb və Şimal–Cənub dəhlizləri ilə
daşımalar üçün təqdim etdiyi təhlükəsiz və dayanıqlı xidmətlər
barədə məlumat verilib. Şimal-Cənub marşrutu üzərində yerləşən
Astara Terminalının genişlənən imkanları və yükaşırmalar üçün
potensialı təqdim olunub.

Eyni zamanda, ADY-nin yükdaşımaların operativ idarə olunmasını
və şəffaflığını təmin edən “Cargo Tracking” rəqəmsal platformasının
imkanları və digər rəqəmsal həllər yük sahiblərinin diqqətinə
çatdırılıb.

Tərəflər birgə təşəbbüslərin xüsusilə Şimal–Cənub Beynəlxalq
Nəqliyyat Marşrutunun inkişafına töhfə verəcəyini qeyd edib.