
Bakı. Trend:
Cari ilin yanvar-sentyabr aylarında Gürcüstan ilə Azərbaycan
arasında ticarət dövriyyəsinin həcmi 970,6 milyon dollar təşkil
edib.
Trend xəbər verir ki, bu
barədə Gürcüstanın Milli Statistika İdarəsi məlumat yayıb.
Qurumun məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə
müqayisədə 1,43 faiz çoxdur.
Hesabat dövründə Azərbaycan Gürcüstanın ümumi ticarət
dövriyyəsində 5,2 faiz payla Türkiyə, ABŞ, Rusiya, Çin və
Qırğızıstandan sonra 6-cı yerdə qərarlaşıb.
Qeyd olunan dövrdə Gürcüstandan Azərbaycana 529,9 milyon dollar
dəyərində məhsul ixrac edilib ki, bu da illik müqayisədə 2,6 faiz
azdır. Azərbaycan Gürcüstanın ixracında 10,3 faiz payla qonşu
ölkənin əsas ixrac tərəfdaşları arasında Qırğızıstan, Qazaxıstan və
Rusiyadan sonra 4-cü yerdə qərarlaşıb.
Gürcüstanın Azərbaycandan idxalı etdiyi məhsulların həcmi isə
ötən ilin eyni dövrü ilə müqayisədə 6,4 faiz artaraq 440,7 milyon
dollara yüksəlib. Azərbaycan 3,3 faiz payla qonşu ölkənin idxalında
ABŞ, Türkiyə, Çin, Rusiya, Almaniya və Böyük Britaniyadan sonra
7-ci əsas idxal tərəfdaşı olub.

