“Birlik – 2025” birgə təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib (FOTO/VİDEO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistan
hərbçilərinin iştirakı ilə Səmərqənd vilayətində təşkil olunan “Birlik – 2025” birgə regional təliminin oktyabrın 21-də “Yüksək
Səviyyəli Müşahidəçi Günü” keçirilib.

Trend bu barədə
Müdafi Nazirliyinə istinadən xəbər verir.

Tədbirdə Azərbaycan Respublikasının müdafiə naziri
general-polkovnik Zakir Həsənov, Özbəkistan Respublikasının müdafiə
naziri general-leytenant Şuhrat Xalmuxamedov, eləcə də iştirakçı
ölkələrdən olan yüksək səviyyəli qonaqlar iştirak ediblər.

Regional təlimin tapşırıqları və mərhələləri barədə qonaqlara
məlumat verildikdən sonra təlim poliqonunda müxtəlif epizodlar
praktiki yerinə yetirilib.

Yüksək səviyyəli qonaqlar birgə komanda məntəqəsinin iş prosesi
ilə tanış olublar.




Daha sonra Özbəkistan Respublikası Müdafiə Nazirliyi nəzdində
Müdafiə Sənayesi agentliklərinin istehsalı olan silah və hərbi
texnika nümunələrindən ibarət sərgiyə baxış keçirilib.

Azərbaycan və Özbəkistan müdafiə nazirləri, eləcə də digər
yüksək səviyyəli qonaqlar “Birlik – 2025” birgə regional təliminin
bağlanış mərasimində iştirak ediblər.

General-polkovnik Z.Həsənov tədbirdə çıxış edərək təlimin yüksək
səviyyədə təşkilinə görə özbəkistanlı həmkarına təşəkkürünü
bildirib, iştirakçıları təbrik edib, onlara gələcək xidmətlərində
uğurlar arzulayıb. “Birlik – 2025” birgə regional təliminin
gedişatı və iştirakçı ölkələrin hərbi qulluqçularının peşəkarlığı
yüksək qiymətləndirilib.

Sonda təlimdə fərqlənənlərə mükafatlar təqdim olunub.