
Bakı. Trend:
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) ilə
Böyük Britaniyanın Vergi və Gömrük Administrasiyası iarasında vergi
məlumatlarının mübadiləsi və risk əsaslı yanaşmaların
təkmilləşdirilməsi məsələləri müzakirə edilib.
Trend bu
barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Belə ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində
(DVX) Böyük Britaniyanın Vergi və Gömrük Administrasiyasının (HMRC)
nümayəndə heyəti ilə görüş keçirilib. Səfər “Sərhədsiz Vergi
Müfəttişləri” layihəsi çərçivəsində baş tutub.
DVX-nin Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsi
tərəfindən təşkil olunmuş görüşdə yerli vergi orqanlarının
nümayəndələri də iştirak ediblər. Tədbirdə vergi tətbiqi və
nəzarəti sahəsində praktiki məsələlər, qlobal vergi siyasətinə
uyğunluğun təmin olunmasına yönəlmiş strategiyalar, eləcə də vergi
məlumatlarının mübadiləsi və risk əsaslı yanaşmaların
təkmilləşdirilməsi məsələləri müzakirə edilib.
“Sərhədsiz Vergi Müfəttişləri” layihəsi vergi inzibatçılığı
sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsinə xidmət
edir.
Layihə çərçivəsində ölkələr arasında vergi idarəçiliyi
təcrübələrinin mübadiləsi, birgə təlimlərin təşkili, qabaqcıl
metodologiyaların tətbiqi, vergi prosedurlarının inteqrasiyası və
beynəlxalq vergi standartlarının reallaşdırılması üçün praktik
fəaliyyətlər həyata keçirilir.

