
Bakı. Trend:
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi
ilə rəşadətli Ordumuzun 2020-ci il sentyabrın 27-də başladığı
əks-hücum əməliyyatının nəticəsində oktyabrın 20-də Zəngilan şəhəri
işğaldan azad edildi. Prezident İlham Əliyev bu münasibətlə 20
oktyabr 2020-ci il tarixində xalqa müraciətində xalqımız döyüş
meydanından, cəbhə bölgəsindən səbirsizliklə yeni xəbərlər
gözləyir. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli
Sərəncamı ilə işğaldan azad edilmiş ərazilərimiz üzrə şəhər günləri
təsis edildi. Həmin Sərəncama əsasən, 20 oktyabr Zəngilan Şəhəri
Günü kimi qeyd edilir. Azərbaycan Ordusu 44 gündə gücünü,
qüdrətini, Vətən, torpaq sevgisini bir daha dünyaya nümayiş
etdirdi. Zəngilan döyüşləri nəticəsində Silahlı Qüvvələrimiz
tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan
azad edildi.
Tarixi Zəfərimizin əbədiləşdirilməsinə xidmət edən şəhər
günləri, eyni zamanda, bu torpaqlarımızın işğal tarixini də
unutmamağa, 30 illik işğal dövrünün həqiqətlərini gələcək nəsillərə
çatdırmağa çağırışlar edir. Məlumdur ki, Füzuli və Cəbrayıl
rayonları işğal olunduqdan sonra zəngilanlılar 67 gün tam mühasirə
şəraitində ermənilərlə vuruşdular. 25-29 oktyabr 1993-cü ildə
Zəngilan rayonunun əhalisi son anadək vuruşaraq, 235 nəfər şəhid və
itkin verərək əvvəlcə min bir əziyyət və məşəqqətlə Araz çayını
keçib, İran İslam Respublikasının ərazisi vasitəsilə yenidən
Azərbaycanın digər ərazilərinə qayıtmış və ölkəmizin 43 rayonunda
müvəqqəti məskunlaşmışlar. Tariximizin hər bir səhifəsinin
öyrənilməsi, təbliği bütün dövrlərdə qarşıda dayanan əsas
hədəflərdəndir. 30 illik işğal dövrünün reallıqlarına biganə
yanaşan bəzi dünya gücləri bu gün artıq erməni vəhşiliklərini inkar
etmək iqtidarında deyillər. Çünki danışan hər daşı, qayası bir
tarix olan, artıq sahibinə qovuşan torpaqlarımızdır.
Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Vüqar
Rəhimzadə bildirib.
Milli Məclisin deputatı diqqəti tarixi Zəfərimizdən ötən dövr
ərzində işğaldan azad edilmiş ərazilərimizdə, o cümlədən Zəngilanda
aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə, soydaşlarımızın
mərhələ-mərhələ doğma yurd-yuvalarına qayıdışına yönəldib. Bildirib
ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev 44 günlük
İkinci Qarabağ müharibəsinin gedişi dövründə xalqa qələbə
müjdələrini çatdırarkən daim bu əminliyi ifadə edirdi ki, biz Böyük
Qayıdışın astanasındayıq və Azərbaycan dövləti əlindən gələni
edəcək ki, Azərbaycan vətəndaşları azad edilmiş torpaqlara
qayıdaraq rahat, əmin-amanlıq şəraitində yaşasınlar və bu
torpaqlarda həyat canlanacaq.
Bu gün bu reallıqların şahidiyik. Böyük Qayıdışın Cəbrayılın
Cocuq Mərcanlı kəndindən başlayan sonrakı ünvanı məhz Zəngilan
rayonunun Ağalı kəndi oldu. Qələbədən sonra tez bir zamanda Ağalı
“ağıllı kənd” konsepsiyası əsasında tamamilə yenidən quruldu və
sakinlər öz evlərinə qayıdaraq, doğma-yurd yuvalarına qovuşdular,
yeni evlərində yeni həyata başladılar. Prezident İlham Əliyev və
Birinci xanım Mehriban Əliyeva 2022-ci il 27 may tarixində Zəngilan
rayonunun Ağalı kəndində “ağıllı kənd” layihəsinin birinci
mərhələsi üzrə açılış mərasimində iştirak etdilər. Ağalıda 200
evdən ibarət gözəl kənd salınıb. Kəndin davamlı genişləndirilməsi,
əlavə evlərin inşa edilməsi və infrastruktur layihələrinin
şaxələndirilməsi də nəzərdə tutulur. Məşğulluq, məktəb, bağça, tibb
məntəqəsi, “ASAN xidmət”, DOST, kiçik və orta biznesə dəstək
xidmətləri mövcuddur. Böyük Qayıdış layihəsi çərçivəsində Zəngilan
rayonunun Ağalı kəndində ümumilikdə 175 ailənin, yəni 871 nəfərin
məskunlaşması təmin olunub. Yeni köçürülən ailələr müvafiq qurumlar
tərəfindən peşə ixtisaslarına və bacarıqlarına uyğun şəkildə işlə
təmin ediləcəklər. Onlar müxtəlif dövlət qurumlarında, ictimai iaşə
obyektlərində, tikinti şirkətlərində, tikiş fabrikində və digər
yerlərdə çalışacaqlar. Ümumilikdə Ağalı “ağıllı” kəndi dünyanın ən
müasir kəndlərindən biridir. “Ağıllı kənd” dayanıqlı inkişafın
təmin olunması məqsədilə sosial-iqtisadi xidmətlərin keyfiyyətinin,
təhlükəsizliyinin, səmərəliliyinin artırılması, onların
göstərilməsində informasiya texnologiyalarının və innovasiyaların
tətbiq edilməsi, habelə həmin xidmətlər üzrə mövcud resursların
effektiv istifadəsi və idarə olunması üçün zəruri infrastruktura
malik olan kənddir. Layihə çərçivəsində beynəlxalq təcrübəyə
əsaslanaraq kənddə zəruri iqtisadi və sosial infrastruktur
yaradılıb. Ağalı “ağıllı” kənd layihəsində yüksək keyfiyyətli
ekoloji mühit əsas götürülüb və enerjidən səmərəli istifadə
edilməsi məqsədilə dayanıqlı enerji mənbələrinə üstünlük verilib.
İndiki və gələcək nəsillərin tələbatını dolğun ödəmək məqsədilə
ekoloji baxımdan əlverişli olan “yaşıl” texnologiyalar tətbiq
olunub.
Vüqar Rəhimzadə vurğulayıb ki, bu gün Zəngilan yenidən qurulur.
Nazirlər Kabineti 2023-cü ilin 30 oktyabrında “Zəngilan şəhərinin
2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq edib. Burada
infrastruktura böyük vəsait ayrılıb və bir neçə yaşayış layihəsi
artıq icra edilməkdədir. Zəngilan mühüm nəqliyyat qovşağıdır. Bu
ərazi nəqliyyat dəhlizləri üzərində yerləşir. Zəngilan Beynəlxalq
Hava Limanının istifadəyə verilməsi ilə Şərqi Zəngəzur hava
qapısını dünyaya açdı. Bu hava limanı bölgənin inkişafı, Zəngəzur
dəhlizinin hava nəqliyyatı infrastrukturu ilə gücləndirilməsi
baxımından strateji əhəmiyyət kəsb edir. Horadiz-Zəngilan-Ağbənd
dəmir yolunun inşası da mühüm əhəmiyyət daşıyır. Bu dəmir yolu azad
edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin
daşınması üçün böyük rola malik olacaq. Buradan dəmir və avtomobil
yolları da keçəcək və Naxçıvana yol açılacaq. Zəngilan-Horadiz
avtomobil yolu strateji əhəmiyyəti ilə seçilir. Zəngilan böyük
turizm imkanlarına malikdir. Bərpa-quruculuq işlərində bu amilə də
xüsusi önəm verilir.
Millət vəkili bildirib ki, azad edilmiş ərazilərimiz özünəməxsus
iqtisadi imkanlara malikdir. Həmin potensial bu toraqlara qayıdacaq
soydaşlarımızın məşğulluğunun təmin edilməsində, həmçinin gələcəkdə
ölkəmizin dayanıqlı inkişafında mühüm rol oynayacaq. Zəngilanda
pilot kənd təsərrüfatı layihəsi həyata keçirilir. “Dost Aqropark”
adlanan bu layihə Azərbaycan və Türkiyə şirkətlərinin birgə
müəssisəsidir və həmin aqropark artıq fəaliyyətdədir. Layihə tam
başa çatdırıldıqdan sonra kompleksdə 500 nəfər işlə təmin olunacaq.
Burada ekosistemin yaradılması üçün ümumilikdə 100 milyon dollar
dəyərində sərmayə qoyulacaq. Qarabağda istehsal olunan məhsulların
“Made in Qarabağ” brendi ilə dünya bazarına çıxarılması üçün “Aqro
Market” də qurulacaq.
Vüqar Rəhimzadə qeyd edib ki, sadaladıqlarımız son beş ildə
görülən işlərin çox az bir hissəsidir. Prezident İlham Əliyev və
Birinci xanım Mehriban Əliyeva mütəmadi olaraq azad olunmuş
torpaqlara səfərlər edirlər. Bu səfərlərin hər biri görülən işlərin
təqdimatıdır. Prezident İlham Əliyevin beş ildə Zəngilan rayonuna
10-dan artıq səfəri olub. Dövlət başçısının 2020-ci il 23 dekabr
tarixində ilk səfəri Zəngilan şəhərində Azərbaycan Bayrağının
ucaldılması ilə tarixə yazıldı. Bu günədək gerçəkləşdirilən
səfərlər çərçivəsində atılan addımlar Böyük Qayıdış Proqramının
birinci mərhələsi üçün müəyyənləşdirilən hədəflərin reallığa
çevriləcəyinə əminlik yaradır. Artıq Qarabağ və Şərqi Zəngəzurda 6
şəhər, 2 qəsəbə, 20 kənd sakinlərinə qovuşaraq yeni həyata
başlayıb. Tezliklə bu sırada Zəngilan şəhəri də olacaq. Zəngilan II
Azərbaycan Milli Şəhərsalma Forumuna ev sahibliyi edən şəhər olaraq
Azərbaycanın bu sahədə təcrübəsinin dünyaya təqdimatında öz sözünü
deyir.

