Dövlət müəssisələrində 2000-ə yaxın enerji nəzarət tədbiri görülüb

Baş səhifə

Bakı. Trend:

Enerji səmərəliliyinin geniş tətbiqi ilə yanaşı, Enerji
Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) tənzimləyici və
nəzarətedici fəaliyyəti enerji sektorunda bazar münasibətlərinin
formalaşmasına, effektiv idarəetmənin, şəffaflığın və
hesabatlılığın təmin olunmasına mühüm töhfə verir. Ötən dövr
ərzində Agentlik elektrik enerjisinin ötürülməsi, topdan və
pərakəndə satış qiymətləri ilə bağlı təkliflər hazırlayaraq bazar
islahatlarının tətbiqinə dəstək verib.

Trend xəbər
verir ki, bu barədə Energetika naziri Pərviz Şahbazovun 20 Oktyabr
Energetiklər Günü münasibətilə “Azərbaycan” qəzetində “Azərbaycan
Regional Enerji Qovşağına Çevrilir” adlı məqaləsində
bildirilib.




Qeyd edilib ki, elektrik enerjisi bazarının effektiv təşkili
məqsədilə elektroenergetika sektorunda tənzimlənən qiymətlərin
(tariflərin) müəyyən olunması qaydaları hazırlanıb: “Energetika
sahəsində tənzimləyici haqqında” qanun layihəsi yenidən işlənilib.
Elektrik qurğularının quraşdırılması, texniki istismarı və
təhlükəsizlik texnikası qaydaları təsdiq olunaraq tətbiqə verilib.
Hazırda istilik qurğularının texniki istismar və təhlükəsizlik
qaydalarının layihələri üzərində işlər davam edir. Qaz
qurğularının, xətlərin, tüstü bacalarının və havalandırma
sistemlərinin təhlükəsiz istismarı və yol verilmiş pozuntuların
aşkar edilərək aradan qaldırılması üçün monitorinqlər aparılıb,
nəticələr qanunvericiliyə uyğun aktlarla rəsmiləşdirilib. Dövlət
müəssisələrində elektrik və istilik enerjisindən istifadənin
səmərəliliyi, təhlükəsizlik qaydalarına əməl olunması və qaz
qurğularının etibarlı istismarı ilə bağlı 2000-ə yaxın nəzarət
tədbiri həyata keçirilib. Aşkar edilmiş pozuntuların aradan
qaldırılması təmin olunub”.

Vurğulanıb ki, qanunvericilik bazasının təkmilləşdirilməsi və
energetika sektorunda islahatların davamı çərçivəsində “İstilik
təchizatı haqqında” və “Qaz təchizatı haqqında” qanunların qəbulu
da atılan mühüm addımlardandır: “İstilik təchizatı ilə bağlı bu
qanun yeni tikiləcək binalarda mərkəzləşdirilmiş sistemlərin
tətbiqini məcburi edir ki, bu da enerji resurslarına qənaət, ətraf
mühitə atılan emissiyaların azalması və xidmət keyfiyyətinin
yüksəlməsini təmin edəcək. Qanun, həmçinin istilik istehsalı,
paylanması və satış subyektlərinin hüquq və vəzifələrini
aydınlaşdırır, dövlət və özəl sektor arasında şəffaf və səmərəli
münasibətlərin formalaşdılmasına imkan yaradır. Qaz təchizatına
dair yeni qanun isə qazın nəqli, paylanması, saxlanması, topdan və
pərakəndə satışları, habelə idxalının Dövlət Neft Şirkətinin
tabeliyində ayrı-ayrı hüquqi şəxslər tərəfindən həyata keçirilməsi
qaz təchizatı subyektləri üzrə maliyyə şəffaflığı, xərc əsaslı
qiymətlərin (tariflərin) daha düzgün müəyyən olunması, çarpaz
subsidiyalaşmanın qarşısının alınması, həmçinin maliyyə
intizamlığının təmin edilməsinə gətirib çıxaracaqdır. Bu islahatlar
Azərbaycanın enerji təhlükəsizliyini möhkəmləndirir və energetika
sektorunu daha müasir və rəqabətədavamlı edir”.