Baş Dövlət Yol Polisi İdarəsi “Təmiz Hava” aylığı elan edir

Baş səhifə

Bakı. Trend:

Son zamanlar avtomobil yollarında mühərrikinin işlənmiş
qazlarında atmosferə atılan zərərli maddələrin miqdarı normadan
artıq olan nəqliyyat vasitələrinə tez-tez rast gəlinir.
Hesablamalara görə, ölkəmizdə atmosferə atılan çirkləndirici
maddələrin təxminən 88 faizi məhz avtomobillərdən atılan
tullantıların payına düşür. Nasaz nəqliyyat vasitələrinin istismarı
havanı çirkləndirməklə yanaşı, həm də tez-tez yollarda tıxacların
yaranmasına və ağır yol qəzalarına da səbəb olur.

Trend xəbər verir
ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət
Yol Polisi İdarəsi bu sahədə qabaqlayıcı tədbirlərin görülməsi
məqsədilə 2025-ci il oktyabr ayının 20-dən noyabr ayının 20-dək
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə respublika
ərazisində “Təmiz hava” aylığı elan edir.




Bununla əlaqədar nəqliyyat vasitələrinin sürücülərinə, eləcə də
sərnişin və yükdaşıma fəaliyyəti həyata keçirən fiziki və hüquqi
şəxslərə istifadələrində olan avtomobillərin yanacaq sistemini saz
vəziyyətdə saxlamaq tövsiyə olunur.

Nəzərə alınmalıdır ki, ətraf mühitə atılan tullantılarda
müəyyənləşdirilmiş normadan artıq çirkləndirici maddələr olan
avtomobillərin idarə edilməsinə və onların istismara buraxılmasına
yol verən fiziki və hüquqi şəxslər qanunvericiliklə müəyyən olunmuş
qaydada məsuliyyət daşıyırlar.