Azercell “CyberCell Hackathon”a start verir

Baş səhifə

Bakı. Trend:

25 komanda iki gün ərzində kibertəhlükəsizlik və
süni intellekt üzrə bacarıqlarını nümayiş
etdirəcək

18–19 oktyabr 2025-ci il tarixlərində Azercell Telekom və Bakı
Mühəndislik Universitetinin (BMU) birgə təşkilatçılığı ilə
kibertəhlükəsizlik və süni intellekt sahələrini əhatə edən
“CyberCell Hackathon” keçiriləcək. İki gün davam edəcək yarışın
məqsədi gənclərin rəqəmsal bacarıqlarını inkişaf etdirmək,
kibertəhlükəsizlik biliklərini real mühitdə tətbiq etmələrinə
şərait yaratmaq və komandada işləmə qabiliyyətlərini
gücləndirməkdir.

Yarış zamanı iştirakçılar “Red Team” (hücum) və “Blue Team”
(müdafiə) ssenariləri üzərində işləyərək kibertəhlükəsizlik
zəifliklərini müəyyənləşdirəcək, hücumların aşkarlanması,
cavablandırılması və qarşısının alınması üçün innovativ həllər
hazırlayacaqlar. Eyni zamanda, komandalar süni intellekt alətləri
vasitəsilə anomaliyaların aşkarlanması, loq analizləri və
təhdidlərin proqnozlaşdırılması üzrə həllər təqdim edəcəklər.




“CyberCell Hackathon”a ümumilikdə 200-ə yaxın müraciət daxil
olub. Seçim mərhələsini uğurla keçən 25 komanda yarışda iştirak
hüququ qazanıb. Komandalarda ölkənin aparıcı universitetlərinin –
Azərbaycan Dövlət İqtisad Universiteti, ADA Universiteti, Bakı Ali
Neft Məktəbi, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Neft
və Sənaye Universiteti, Azərbaycan-Fransız Universiteti, Dövlət
Gömrük Komitəsinin Akademiyası, Azərbaycan Kooperasiya
Universiteti, Xəzər Universiteti və Azərbaycan Texniki
Universitetinin tələbələri yer alır.

Yarışda ən yüksək nəticə göstərən komandanı 4000 AZN, ikinci
yerin qalibini 3000 AZN, üçüncü yerin sahibini isə 2000 AZN
dəyərində pul mükafatı gözləyir.

Azercell Telekom “CyberCell Hackathon”-un bütün iştirakçılarına
uğurlar arzulayır!