
Bakı.Trend:
Vətəndaşların Xırdalan şəhərindən paytaxtın “20 Yanvar”
metrostansiyası istiqamətinə sürətli və rahat gedişlərini təmin
etmək məqsədilə oktyabrın 17-dən E2 nömrəli ekspres marşrutu
fəaliyyətə başlayacaq.
Trend xəbər
verir ki, bu barədə AYNA məlumat yayıb.
Bildirilib ki, Xırdalan şəhərindən yola düşən avtobusların
aralıq dayanacaq məntəqələri Abşeron rayon Sukanal İdarəsi, Heydər
Əliyev prospektindəki AAAF və “Kristal Abşeron” yaşayış
kompleksləri, Abşeron rayon Mədəniyyət Mərkəzi, Xırdalan şəhər 11
nömrəli tam orta məktəb, “20 Yanvar” metrostansiyası və Rövşən
Cəfərov küçəsi (3 mikrorayon dairəsi) təyin edilib.
Qeyd olunan istiqamətdə avtobuslar saat 06:00-dan 23:00-dək
fəaliyyət göstərəcək.
Ekspres xətti üzrə avtobusların hərəkət intervalı 8-10 dəqiqə
təşkil edəcək. Avtobuslarda ödənişlər nağdsız qaydada həyata
keçiriləcək, gedişhaqqı 0,60 AZN müəyyən edilib.

