
Bakı. Trend:
ABŞ-nin Kibertəhlükəsizlik və İnfrastruktur Agentliyi (CISA)
Amerikanın “F5” şirkətinin proqram təminatında aşkarlanan boşluqlar
səbəbindən adı açıqlanmayan xarici dövlətlə əlaqəli hakerlərin
ABŞ-nin federal hökumət qurumlarının şəbəkələrinə giriş əldə
etdiyini müəyyən edib.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Agentliyin bildirdiyinə görə, xarici dövlətlə əlaqəsi olan
kibercinayətkarlar “F5” şirkətinin daxili sistemini sındıraraq
şirkətin proqramlaşdırma mühitinə və məlumat kitabxanasına
uzunmüddətli giriş əldə edib.
Bunun nəticəsində federal qurumlar tərəfindən istifadə olunan
“F5” məhsulları vasitəsilə hakerlər daxili sistemlərin hesab
məlumatlarını və təhlükəsizlik açarlarını ələ keçirərək məxfi
informasiyaya çıxış imkanı qazanıblar. “CISA” bu səbəbdən hökumət
qurumlarından yaranmış boşluğu aradan qaldıracaq yeniləmələri ən
geci 22 oktyabra qədər quraşdırmağı tələb edib.


