
Bakı. Trend:
Almaniyada iflas edən şirkətlərin sayının artaraq son on ilin ən
yüksək göstəricisinə çatacağı gözlənilir.
Trend xəbər verir ki,
Almaniya Federal Statistika İdarəsinin (Destatis) ilkin məlumatına
görə, sentyabrda təqdim olunan iflas ərizələrinin sayı ötən ilin
eyni dövrü ilə müqayisədə 10,4 faiz artıb. İyulda isə 2197 şirkət
haqqında iflas işi açılıb ki, bu da ötən ilə nisbətən 13,4 faiz
çoxdur. İyulda iflası qeydə alınan şirkətlərə kreditorların
tələblərinin ümumi məbləği 3,7 milyard avro təşkil edib. Ötən ilin
iyulunda bu göstərici 3,2 milyard avro olub.
Bu ilin iyulunda Almaniyada 10 min şirkətə orta hesabla 6,3
iflas halı düşüb. İflas hallarına ən çox daşıma və anbar
sektorlarında rast gəlinib. Bu sektorlarda hər 10 min şirkətə 12,7
iflas halı qeydə alınıb. Sonrakı yerlərdə iaşə və müxtəlif iqtisadi
xidmətlərin göstərilməsi (hər ikisi üzrə 10 min şirkətə 9,9
müflisləşmə) qərarlaşıb.
Qeyd edək ki, pandemiya dövründəki dövlət dəstəyinin bitməsi,
zəif ixrac göstəriciləri və sənaye istehsalındakı azalma iflas
vəziyyətini daha da ağırlaşdırır. İflas hallarının əsas səbəbləri
arasında maliyyə axınının zəifləməsi, çevik biznes modellərinin
olmaması və strateji qərar səhvləri də qeyd olunur.

