Pakistan İslam Respublikasının Prezidenti Asif Zardari İslamabad
şəhərində Azərbaycan, Pakistan və Türkiyə Parlament Sədrlərinin
Üçüncü Üçtərəfli görüşündə iştirak edən Milli Məclisin sədri Sahibə
Qafarova və Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşu
qəbul edib.
Görüşdə ölkələrimiz və xalqlarımız arasındakı əlaqələr, o
cümlədən, parlamentlərarası əməkdaşlığın daha da gücləndirilməsi
ilə bağlı fikir mübadiləsi aparılıb. Vurğulanıb ki, sıx siyasi
təmaslar və uğurlu əməkdaşlıq xalqlarımızı və dövlətlərimizi
bir-birinə daha da yaxınlaşdırır.
Söhbət zamanı, parlamentlərimiz arasında münasibətlərin
ölkələrimizin dostluq və qardaşlıq əlaqələrinə mühüm və müsbət
təsirləri qeyd olunaraq, bu mənada, Azərbaycan, Pakistan və Türkiyə
parlament sədrlərinin üçtərəfli əməkdaşlıq mexanizminin xüsusi
əhəmiyyətə malik olduğu diqqətə çatdırılıb. Azərbaycan, Pakistan və
Türkiyə qanunvericilik orqanlarının beynəlxalq parlament
təşkilatlarında da uğurlu əməkdaşlığı məmnunluqla vurğulanıb.
Görüşdə Azərbaycan və Pakistan arasında ikitərəfli, o cümlədən,
üçtərəfli əməkdaşlığın mövcud yüksək səviyyəsindən məmnunluq ifadə
olunub, bu çərçivədə parlamentlərimizin töhfələri müsbət
qiymətləndirilib.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər haqqında
da fikir mübadiləsi aparılıb.

