
Bakı. Trend:
Layihənin əsas hədəfi elm və təhsil sahəsində çalışan əməkdaşlar
və ali təhsil müəssisələrində təhsil alan tələbələrin sağlam həyat
tərzini təşviq etməkdir.
Trend xəbər
verir ki, bu fikirləri bu gün Elm və Təhsil İşçiləri Həmkarlar
İttifaqı və Push30 şirkətinin birgə layihəsinin təqdimatı
mərasimində ETİHİ-nin sədr müavini Mirzə Cəfərizadə
səsləndirib.
O bildirib ki, layihə çərçivəsində iştirakçılar idmanla məşğul
olmaq imkanı əldə edəcək, asudə vaxtlarını səmərəli keçirmək
fürsəti qazanacaqlar:
“Bu, təhsil işçilərinin və tələbələrin sağlamlığına xidmət edən
mühüm sosial təşəbbüsdür. Layihədən yalnız müəllim və təhsil
işçiləri deyil, eyni zamanda tələbələr də yararlana biləcəklər.
“PUSH-30” layihəsi çərçivəsində təşkilatçılar tərəfindən onlara
güzəştli şərtlər təqdim ediləcək”.
O əlavə edib ki, hazırda layihə üzrə ilkin mərhələdə 3.000
nəfərin əhatə olunması planlaşdırılıb. Lakin gələcəkdə bu rəqəmin
artırılması nəzərdə tutulur:
“Layihəyə qoşulan iştirakçılar başqalarını da təşviq edəcək və
bu da layihənin miqyasının genişlənməsinə şərait yaradacaq”.

