Gəncədə III MDB Oyunlarının bağlanış mərasimi keçirilib

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarının
bağlanış mərasimi keçirilib.

Trend xəbər
verir ki, Gəncə Stadionunda təşkil olunan tədbir bədii hissə ilə
başlayıb.

Sonra III MDB Oyunlarının Təşkilat Komitəsinin sədri Samir
Şərifov çıxış edib. O, III MDB Oyunlarını bağlı elan edib.

Samir Şərifov bildirib ki, yarışların uğurla başa çatdığını
bildirib:




“On bir gün ərzində Oyunlara ev sahibliyi edən Gəncə, Şəki,
Qəbələ, Yevlax, Mingəçevir, Göygöl və Xankəndi şəhərləri möhtəşəm
idman bayramının şahidinə və bilavasitə iştirakçısına çevrilib.
Müstəqil Dövlətlər Birliyinə daxil olan 8 ölkənin və Oyunlara
qatılan daha 5 ölkənin idmançıları 23 idman növü üzrə yarışlarda öz
məharətlərini, əzmkarlıqlarını nümayiş etdirdilər. Onlar 235 dəst
fərdi və komanda mükafatları uğrunda mübarizə apararaq milyonlarla
idmansevərə unudulmaz sevinc, həyəcan, həmçinin qürur dolu anlar
yaşatdılar. Bu möhtəşəm idman bayramının ərsəyə gəlməsi, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə idmanın
inkişafına göstərdiyi qayğının təzahürüdür. Əminliklə deyə bilərik
ki, Azərbaycanda keçirilən III MDB Oyunlarının təşkilində ən yüksək
standartlar təmin edilib”.

Sonra III MDB Oyunlarının bayrağı endirilib. Dövlət Himni
səsləndirilib.

Tədbir bədii hissə davam edib.

Qeyd edək ki, Azərbaycan Oyunları ümumilikdə 184 medalla başa
vurub. Bunların 33-ü qızıl, 56-sı gümüş, 95-i isə bürünc
mükafatdır. Ölkəmiz bu göstərici ilə ümumi medal sıralamasında 2-ci
yeri tutub. İlk sırada Rusiya qərarlaşıb. Beləliklə, Azərbaycan
idmançıları 2021-ci ildən təşkil olunan MDB Oyunlarında ən yaxşı
nəticəsinə imza atıb.