
Bakı. Trend:
Ölkəmizdə rəsmi səfərdə olan Xorvatiya Parlamentinin sədri
Qordan Yandrokoviçin başçılıq etdiyi nümayəndə heyəti oktyabrın
8-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir
müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin
xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər
çiçəklər düzüb.
Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə
əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, sonra nümayəndə heyəti Şəhidlər xiyabanına
gələrək, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə
canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla
anıb, məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsi
önünə əklil qoyub.
Bakının ən hündür nöqtəsindən şəhəri seyr edən qonaqlara
Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən
abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.
Ziyarət zamanı nümayəndə heyətini Milli Məclis sədrinin müavini
Musa Qasımlı və digər rəsmi şəxslər müşayiət ediblər.

