TDT-nin Dövlət Başçıları Şurasının12-ci sammitinin Qəbələdə keçirilməsi qürurvericidir – Hakan Fidan

Baş səhifə

Bakı. Trend:

Bu gün baş verən böyük geostrateji dəyişikliklər bütün yerlərə
təsir etdiyi kimi, Türk dünyasına da təsir edir. Lakin Türk
Dövlətləri Təşkilatının (TDT) artan institusionallaşması, daha
koordinasiyalı fəaliyyəti bizi bu böhranlara qarşı daha dayanıqlı
edir. Bu, hamımızın birlikdə inkişaf etdirdiyimiz korporativ
münasibətdir. Digər tərəfdən, Türk dünyası dövlətlərinin
iqtisadiyyatını, infrastrukturunu, texnologiyasını, müdafiə
potensialını, əsas xidmətlərini inkişaf etdirməsi və sənaye
infrastrukturunu daha da yaxşılaşdırması, əslində, hər bir dövləti
daha da gücləndirir.

Trend xəbər
verir ki, bu fikirləri Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət
Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirak etmək üçün
Azərbaycana səfər edən Türkiyənin xarici işlər naziri Hakan Fidan
media nümayəndələrinə müsahibəsində deyib.

O qeyd edib ki, hər güclü dövlət birlikləri inkişaf etdikdə daha
güclü təşkilat yaranır.

“Ona görə də ümid edirəm ki, biz gələcəkdə dünya böhranlarına
daha dayanıqlı olan Türk dünyası ilə qarşılaşacağıq. Liderlərimiz
bu məsələni sabah Qəbələdə müzakirə edəcəklər. TDT-nin Dövlət
Başçıları Şurasının 12-ci Zirvə Görüşünün Azərbaycanın Qəbələ
şəhərində keçirilməsi isə olduqca qürurvericidir. Çünki Türk
dünyasının belə gözəl şəhərini liderlərə təqdim etmək və onları
burada qonaq etmək çox xoşdur”, – deyə Türkiyənin xarici işlər
naziri vurğulayıb.

Hakan Fidan hazırda Türkiyənin xarici siyasətinin əsasını
regionda sabitlik yaratmaq təşkil etməsinə də diqqət çəkib.

“Sabitliyin yaradılması üçün bir neçə şərt var. Birincisi,
müharibələri və münaqişələri mümkün qədər sakitləşdirmək və ya sona
çatdırmaqdır. İkincisi, iqtisadi əməkdaşlığı bərabər əsasda inkişaf
etdirməkdir. Bunların nəticəsində hər kəs firavanlıqdan faydalana
biləcək. Üçüncüsü, münasibətləri və regional strukturları
institusionallaşdırmaq və onları daha da canlandırmaqdır. Bu
perspektivlə bölgəmizdə işləyirik. Bu isə hər zaman Türk dünyası
ilə münasibətlərimizdə və birgə regional işimizdə müşahidə olunur.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın irəli sürdüyü xarici
siyasət perspektivi və Türkiyənin göstərdiyi səylər məhz bu
istiqamətə yönəlib. Beləliklə, biz regionda sabitliyi təmin etmək
üçün Türkiyənin regional gücündən, nüfuzundan və liderliyindən
istifadə edirik”,- deyə Hakan Fidan əlavə edib.