Bakı.Trend:
Bakı Təşəbbüs Qrupu (BTQ) daha bir parlaq uğura nail olub. Belə
ki, BTQ tərəfindən hazırlanmış hesabat BMT Baş katibinin 2025-ci il
üzrə təqdim etdiyi “Afrika mənşəli insanların beynəlxalq ikinci
onilliyinin həyata keçirilməsi üzrə fəaliyyət proqramı”na dair
hesabatında qeyd olunub.
(https://documents.un.org/doc/undoc/gen/n25/214/95/pdf/n2521495.pdf)
Trend xəbər
verir ki, baş katibin hesabatında BTQ məhz dekolonizasiya və kiçik
adalarda yaşayan xalqların müstəqilliyi istiqamətində fəaliyyət
aparan qlobal vətəndaş cəmiyyətləri sırasında yeganə QHT kimi adı
qeyd olunub.
Xatırladaq ki, 2025-ci ilin mayında Bakı Təşəbbüs Qrupu BMT-nin
İnsan Hüquqları üzrə Ali Komissarlığına “Afrika mənşəli insanların
beynəlxalq ikinci onilliyi” çərçivəsində həyata keçirilmiş
fəaliyyətlər barədə öz hesabatını təqdim edib.
Bildirilib ki, BMT Baş katibinin hesabatında təşkilatın
fəaliyyətinə istinad olunması bir daha təsdiqləyir ki, BTQ
beynəlxalq miqyasda etimad olunan tərəfdaşdır və kolonializmə məruz
qalan xalqların haqq səsinin dünyaya çatdırılmasında mühüm
platforma rolunu oynayır.
Qeyd edək ki, BTQ-nin təqdim etdiyi hesabatda əks olunmuş
fəaliyyətlər sırasında BTQ tərəfindən 21 yanvar 2025-ci ildə təşkil
olunmuş “Reyunyon adasının müstəqilliyi: Fransanın müstəmləkə
irsinin yenidən qiymətləndirilməsi və suverenliyə gedən yol” adlı
beynəlxalq konfrans, 24–26 fevral 2025-ci ildə Fransa və
Niderlandın müstəmləkəçiliyi altında olan ölkələrdə fəaliyyət
göstərən jurnalistlərin iştirakı ilə təşkil edilmiş Beynəlxalq
Media Tur, 15 aprel 2025-ci ildə BMT-nin Nyu-Yorkdakı
mənzil-qərargahında keçirilmiş “Dekolonizasiya: Səssiz İnqilab”
adlı beynəlxalq konfrans yer almışdır. Sonuncu tədbir BMT-nin
Afrika Mənşəli İnsanların Daimi Forumunun dördüncü sessiyasının
rəsmi yan tədbiri kimi BMT-də qeydiyyatdan keçib.
Sözügedən beynəlxalq tədbirlər BTQ-nin dekolonizasiya və insan
hüquqları sahəsində gördüyü işlərin beynəlxalq ictimaiyyətə təqdim
olunması baxımından mühüm rol oynamışdır. Belə ki, BTQ-nin İcraçı
direktoru Abbas Abbasov və müstəmləkə altında olan ərazilərin
nümayəndələri BMT-nin Baş Assambleyasında Afrika Mənşəli İnsanların
Daimi Forumunun dördüncü sessiyasında çıxış edib.
Bundan əlavə, BTQ-nin “Afrika mənşəli insanların beynəlxalq
ikinci onilliyi”nə verdiyi töhfələrdən biri də “Reparasiya:
Müstəmləkə irsi ilə üzləşmə” adlı müraciətinin qəbul edilməsi və
kolonial zülmün tanınması və reparasiya tələbləri ilə bağlı
beynəlxalq petisiyanın başlanması olmuşdur. Sənədlərdə keçmiş
müstəmləkəçi dövlətlərin tarixi cinayətlərə görə məsuliyyət
daşımaqdan yayınması qətiyyətlə pislənmiş və reparasiyaların yalnız
hüquqi deyil, həm də ədalət və insan ləyaqətinin bərpasına
əsaslanan mənəvi öhdəlik olduğu vurğulanıb.

