Livan və İsrail arasında danışıqlar gözləniləndən çox davam edəcək – KİV

Baş səhifə

Bakı. Trend:

Vaşinqtonda Livan və İsrail arasında danışıqlar gözləniləndən
çox davam edəcək.

İsrail dövlət televiziyası “KAN”ın məlumatına görə, dünən
keçirilən danışıqlar 11 saat davam edib.

Müzakirələrin üç gün davam edəcəyi gözlənilsə də, danışıqların
dördüncü gün də davam etdiriləcəyi bildirilib.

İsrailin “Kanal 12” telekanalı isə danışıqlarda İsrail ordusunun
Livanın cənubundan çıxarılması məsələsində fikir ayrılıqlarının
davam etdiyini qeyd edib.




Məlumata görə, ABŞ-nin planı çərçivəsində İsrail ordusunun
Livanın cənubundakı bəzi ərazilərdən çıxaraq mövqelərini Livan
ordusuna təhvil verməsi məsələsində qismən irəliləyiş əldə
olunub.

Bildirilib ki, Təl-Əvivin son açıqlamaları da İsrail ordusunun
həmin ərazilərdən çıxmağa hazırlaşdığını göstərir.

Xəbərdə qeyd olunub ki, Livan ordusunun yerləşdiriləcəyi
ərazilər İsrail tərəfindən “Hizbullahın mövcudluğundan tam
təmizlənmiş” hesab olunur. Bununla yanaşı, ABŞ vəziyyətin yerində
öz nəzarəti altında izlənilməsini şərt kimi irəli sürüb.

Pilot mərhələnin uğurlu olacağı təqdirdə İsrailin geri
çəkiləcəyi ərazinin genişləndiriləcəyi bildirilib. Bununla belə,
danışıqlarda İsrailin çıxacağı ərazilərin hüdudları, sərhədləri,
geri çəkilmənin tempi və tarixi ilə bağlı fikir ayrılıqları davam
edir.