
Bakı. Trend:
Təkcə baş plan bütün problemlərimizi həll etmir, amma o təməl
sənəddir ki, onun əsasında müvafiq məsələlər həllini tapır.
Trend xəbər
verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri
Anar Quliyev Bakı İqlim Fəaliyyəti Həftəsində (BCAW2025)
çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, üç növ planlaşdırma sənədi mövcuddur: ümumi
plan, baş plan və müfəssəl plan: “Baş plan ortada duran sənəddir və
əsasən yol xəritəsi rolunu oynayır. Yəni şəhəri, yaşayış
məntəqəsini zonalaşdıraraq əsas istiqamətləri müəyyən edir. Baş
plan əsasında müfəssəl planlar işlənilir.
Bizim həmçinin komitə olaraq işimiz tikinti sahəsini tənzimləyən
normativ bazanı təkmilləşdirməkdir. Ona görə təkcə baş plan bütün
problemlərimizi həll etmir. Amma baş plan təməl sənəddir ki, onun
əsasında müvafiq məsələlər həllini tapır”.
“Biz həm tarixi, mədəni və memarlıq irsimizi qorumalıyıq, həm də
müasir iqtisadiyyat haqqında düşünməliyik. Artıq neft sənayesi
əsaslı iqtisadiyyatdan digər sahələr üzərində qurulan iqtisadiyyata
keçməliyik. Biz həmçinin ətraf mühitimizi qorumalıyıq, Xəzər
dənizini təmiz saxlamalıyıq. Tikinti də bu geniş proqramın
içərisində çox vacib amildir. Biz yaşıl tikintidən danışmalıyıq və
danışırıq artıq. Bəzi beynəlxalq maliyyə təşkilatları ilə bu sahədə
bir yol xəritəsi hazırlanıb”, – deyə komitə sədri vurğulayıb.

