Azərbaycan su ehtiyatlarının idarə olunmasında regional əməkdaşlığı gücləndirməlidir – Dünya Bankı

Baş səhifə

Bakı. Trend:

Azərbaycan sərhədüstü su ehtiyatlarının idarə olunmasında
regional əməkdaşlığı gücləndirməlidir.

Trend xəbər
verir ki, bunu Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Stefani
Stallmeister Bakı İqlim Fəaliyyəti Həftəsində (BCAW2025) çıxışı
zamanı bildirib.

O qeyd edib ki, qlobal kontekstdən baxanda, əməkdaşlıq və
çoxtərəfli yanaşmalar iqlim dəyişikliyi ilə bağlı çağırışların
öhdəsindən gəlmək üçün daha da önəmli olur:

“Azərbaycan ciddi su çatışmazlığı ilə üzləşir. Üstəlik, ölkənin
su ehtiyatlarının 70%-i sərhədüstü (transboundary) mənbələrdən
gəlir ki, bu da digər ölkələrdən asılılığı artırır və regional
əməkdaşlığın vacibliyini göstərir.




Mən bunu innovativ adlandırmaram, amma sərhədüstü su
mənbələrinin idarə edilməsi və düzgün hövzə (basin) menecmenti
iqlim dəyişikliyinin region üzrə təsiri artdıqca daha da vacib
olur. Ən kritik məqam isə Azərbaycanın nə edə biləcəyidir. Əsas
məqsəd sudan daha səmərəli və məhsuldar istifadəni təmin etməkdir.
Bunun üçün Azərbaycan artıq bir sıra işlər görür. Bunlardan biri
suvarma sistemlərinin modernləşdirilməsidir. Bu, mövcud suyun
itirilmədən istifadə olunmasını təmin etmək baxımından son dərəcə
vacibdir”.

Dünya Bankı rəsmisi bildirib ki, ikincisi isə iqlimə uyğun aqrar
təsərrüfatdır:

“Azərbaycan artıq bu istiqamətdə müəyyən tədbirlər həyata
keçirir, amma əminəm ki, daha çox iş görülməlidir, çünki ehtiyac
daha da artıb. Məsələn, quraqlığa və duza daha davamlı yeni bitki
sortlarının və toxumlarının tətbiqi çox önəmlidir”.

“Bütün bunlar çağırışların öhdəsindən gəlmək üçün kritikdir.
Burada yenə də qlobal əməkdaşlıq faydalı ola bilər. Məsələn, bu
toxumların hazırlanması, texnologiyaların inkişafı və tətbiqi
sahəsində Dünya Bankı və Asiya İnkişaf Bankı kimi təşkilatlar bilik
mübadiləsi və tərəfdaşlıqlar yaratmaqda kömək edə bilər. Beləliklə,
hər şeyi sıfırdan ixtira etməyə ehtiyac qalmır”, – deyə Dünya Bankı
nümayəndəsi vurğulayıb.