Bakı. Trend:
Rəqəmsal dövr media və informasiya kontekstində texnologiyanın
sürətlə inkişaf etdiyi və məlumatların geniş miqyasda mübadilə
olunduğu bir mühitdir.
Trend xəbər
verir ki, bu sözləri Azərbaycan Respublikası Audiovizual Şurasının
Aparat rəhbəri Fazil Novruzov II Azərbaycan – Özbəkistan Media
Forumu çərçivəsində“Rəqəmsal dövrdə media tərəfdaşlığı: İnformasiya
təhlükəsizliyi istiqamətində birgə təşəbbüslər” mövzusunda panel
sessiyada çıxış edərkən deyib.
Onun sözlərinə görə, təbii ki, belə mühitdə informasiya
təhlükəsizliyi ən vacib məsələlərdən biridir:
“İnformasiya təhlükəsizliyi yalnız məlumatların qorunmasını
deyil, eyni zamanda həmin məlumatların hərəkət etdiyi mühitin
təmizliyi və nizamlı olmasının təmin edilməsini ehtiva edir. Müasir
cəmiyyətdə informasiya təhlükəsizliyinə mütləq nail olunması mümkün
olmasa da, bu istiqamətdə məqsədlərə çatmaq üçün bir sıra alətlər
və vasitələr mövcuddur. Bu alət və vasitələrin arasında cəmiyyətin
intellektual səviyyəsinin yüksəldilməsi, media və informasiya
savadlılığının, rəqəmsal biliklərin artırılması xüsusi əhəmiyyət
kəsb edir”.
“Sadaladığım bu alətlərdən son illərdə ölkəmizdə kifayət qədər
uğurla istifadə olunur. Bu istiqamətdə dövlət qurumları, media
subyektləri, ictimai birliklər xeyli işlər görür. Təbii ki, bu
kontekstdə Azərbaycan-Özbəkistan Media Forumunun təşkilatçısı olan
Medianın İnkişafı Agentliyinin işi xüsusilə vurğulanmalıdır. Son
illər agentlik tərəfindən media savadlılığı istiqamətində həyata
keçirilən fəaliyyət hazırda dünyada bu sahədə mövcud olan ən uğurlu
təcrübələrə əsaslanır”,- deyə o vurğulayıb.

