
Bakı. Trend:
Bu il ali təhsil müəssisəinə qəbul olmuş 5623 tələbə krediti
üçün müraciət edib. Onlardan 5000-dən çox tələbə ilə təhsil tələbə
krediti müqaviləsi rəsmiləşdirilib.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Təhsil Tələbə Krediti
Fondundan məlumat verilib.
Bildirilib ki, 2025/2026-cı tədris ilinin payız semestri üzrə
ali təhsil müəssisələrinin bakalavriat və magistratura
səviyyələrinə qəbul olunmuş tələbələr təhsil tələbə krediti üçün
müraciətlərini Təhsil Tələbə Krediti Fonduna məxsus elektron portal
(e-ttkf.edu.az) vasitəsilə uğurla həyata keçiriblər.
“Hər iki təhsil səviyyəsi üzrə müraciət prosesi portal.edu.az
platforması üzərindən təhsil qeydiyyatı aparıldığı müddətdə,
paralel olaraq Fondun elektron portalı üzərindən də başlamışdır.
Sözügedən dövr ərzində sistemə ümumilikdə 5623 müraciət daxil olub
ki, onlardan 5000-dən çox tələbə ilə təhsil tələbə krediti
müqaviləsi rəsmiləşdirilib. Fondun elektron portalı 24 iyul
tarixindən etibarən təhsil tələbə kreditinə müraciət üçün açıq elan
olunub. Həmin tarixdən başlayaraq, yalnız magistratura səviyyəsinə
yeni qəbul olunmuş bakalavrlar deyil, eyni zamanda ali təhsil
müəssisələrinin yuxarı kurs bakalavriat və magistratura tələbələri,
həmçinin orta ixtisas təhsil pilləsi və peşə təhsili pillələrinin
texniki və yüksək texniki peşə təhsili səviyyələrində təhsil alan
tələbələr də kredit üçün müraciət edə bilirlər.
Qeyd edək ki, 2025/2026-cı tədris ilinin payız semestri üzrə
təhsil tələbə kreditinə müraciət dövrü cari semestrin sonunadək
davam edəcəkdir”,- deyə Fonddan qeyd edilib.

