
Bakı. Trend:
Mərkəzi Asiya və Azərbaycanda külək enerjisinin inkişafı “ACWA
Power” şirkətinin layihələri, vergi güzəştləri və yerli icmaların
dəstəyi sayəsində yeni mərhələyə qədəm qoyur.
Trend xəbər verir
ki, bunu “Azərbaycan-Mərkəzi Asiya Yaşıl Enerji Həftəsi”
çərçivəsində “ACWA Power”in NOMAC külək parklarının istismar və
texniki xidmət üzrə direktoru Rackumar Qopalsami bildirib.
O qeyd edib ki, şirkət yalnız turbin istehsalçıları ilə
innovativ həllər tətbiq etmir, həm də külək parklarının yerləşdiyi
regionları fəal şəkildə dəstəkləyir.
Onun sözlərinə görə, Azərbaycanda “ACWA Power” 240 meqavat
gücündə layihə həyata keçirir və bunun 78 meqavatlıq hissəsi artıq
Bakıya yaxın ərazidə uğurla istismara verilib.
“2025-ci ilin sonunadək şirkət tikintini tam başa çatdırmağı və
2026-cı il yanvarın 1-dən etibarən ildə 907 QVt·saat təmiz enerji
ilə təxminən 300 min ev təsərrüfatını təmin etməyi planlaşdırır ki,
bu da CO₂ tullantılarının 400 min ton azalmasına imkan verəcək.
Özbəkistanda isə “ACWA Power” 500 MVt gücündə, hər biri 6,5 MVt
olan 79 turbindən ibarət ən iri Bash külək parkını inkişaf
etdirməkdədir”,- deyə o vurğulayıb.
R.Qopalsami qeyd edib ki, şirkətin külək enerjisi layihələri
həmçinin yerli icmalar üçün sosial dəstək tədbirləri ilə müşayiət
olunur, bunlara məktəblərin tikintisi və infrastrukturun inkişafı
daxildir.

