Azərbaycan ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının növbəti iclası keçirilib

Baş səhifə

26 sentyabr 2025-ci il tarixində Tokio şəhərində Azərbaycan Respublikası ilə
Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının
12-ci birgə iclası və Azərbaycan–Yaponiya İqtisadi Komitəsinin
görüşü keçirilib.

SOCAR-dan Trend-ə verilən məlumata görə, iclasda hər iki ölkənin
bir sıra dövlət qurumlarının və özəl sektorların nümayəndələri
iştirak ediblər.

Əvvəlcə 12-ci birgə iclasın həmsədrləri – Azərbaycan
Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət
Komissiyasının sədri, SOCAR-ın prezidenti Rövşən Nəcəf və
Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin sədri və “ITOCHU”
Korporasiyasının baş əməliyyat direktoru Tetsuya Yamada arasında
ikitərəfli görüş keçirilib.

Görüşdə iki ölkə arasında mövcud və perspektiv əməkdaşlıq
imkanları nəzərdən keçirilib.

Sonra Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi
əməkdaşlıq üzrə Dövlət Komissiyasının 12-ci birgə iclası və
Azərbaycan–Yaponiya İqtisadi Komitəsinin görüşü olub.

İclasda Azərbaycan ilə Yaponiya arasında diplomatik
münasibətlərin qurulmasının 33-cü ildönümünün qeyd olunduğu,
ölkələrimizin əlaqələrinin müxtəlif sahələrdə qarşılıqlı anlaşma və
hörmət əsasında uğurla inkişaf etdiyi bildirilib. Bu xüsusda,
Azərbaycan ilə Yaponiya arasında iqtisadi, sosial və humanitar
sahələrdə möhkəm tərəfdaşlıq əlaqələrinin formalaşdığı diqqətə
çatdırılıb.

İki ölkə arasında ticarət dövriyyəsinin artırılması
istiqamətində ötən illər ərzində görülən işlər qeyd olunub.
Yaponiyanın Azərbaycanın enerji sektorunda mühüm tərəfdaş və xarici
investorlardan biri olduğu vurğulanıb.

Azərbaycanda xarici şirkətlərin uğurlu fəaliyyəti üçün
yaradılmış əlverişli investisiya mühitindən bəhs olunub.
Ölkələrimizin sənaye, kənd təsərrüfatı, nəqliyyat, enerji,
infrastruktur, rabitə və yüksək texnologiyalar kimi sahələrdə
əməkdaşlığının daha da inkişaf etdirilməsi üçün geniş imkanların
olduğu diqqətə çatdırılıb.

Tranzit ölkə kimi Azərbaycanın Orta Dəhlizin inkişafındakı artan
rolu xüsusi vurğulanıb. Azərbaycanın Şərq-Qərb, Şimal-Cənub
arasında etibarlı tranzit körpü rolunu oynadığı bildirilib.
Ölkəmizin Ələt Beynəlxalq Ticarət Limanı, müasir dəmir yolu
xətləri, beynəlxalq hava limanları və yol infrastrukturu ilə bu
istiqamətdə əməkdaşlığın genişləndirilməsinə töhfə verdiyi qeyd
olunub.




İclasda Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi
rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq
layihələrindən bəhs olunub. Zəngin təbii ehtiyatlara, yaşıl enerji
potensialına, inkişaf etməkdə olan infrastruktura və biznes üçün
cəlbedici dövlət güzəştlərinə malik olan azad olunmuş ərazilərin
xarici sərmayədarlar üçün əlverişli perspektivlər vəd etdiyi
bildirilib. Bu xüsusda, Yaponiya şirkətləri Qarabağ və Şərqi
Zəngəzur bölgələrində mövcud olan geniş investisiya imkanlarını
araşdırmağa dəvət olunublar.

Ölkələrimizin enerji sektorundakı əməkdaşlığı məmnunluqla qeyd
olunub, ITOCHU və INPEX şirkətlərinin “Azəri-Çıraq-Günəşli” və
Bakı–Tbilisi–Ceyhan layihələrində mühüm tərəfdaş kimi iştirakı qeyd
edilib. Ölkəmizdə bərpaolunan enerji sahəsində görülən işlər barədə
məlumat verilib, enerji keçidi və dekarbonizasiya sahələrində
Yaponiya şirkətləri ilə əməkdaşlığın inkişaf etdirildiyi
vurğulanıb.

Ötən il Azərbaycanın ən mötəbər beynəlxalq tədbirlərdən olan
COP29-a uğurla ev sahibliyi etdiyi bildirilib, Yaponiya nümayəndə
heyətinin konfransın işinə dəstəyi yüksək dəyərləndirilib.

İclasda, həmçinin rəqəmsal texnologiyaların və innovativ
həllərin iqtisadiyyata tətbiqi və inteqrasiyası üzrə Yaponiya
şirkətləri ilə əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Osakada keçiriləcək EXPO sərgisində Azərbaycanın milli pavilyon
ilə təmsil olunmasının və bu kimi mədəni və iqtisadi mübadilələrin
ölkələrimiz arasındakı münasibətlərin inkişafına töhfə verəcəyi
qeyd olunub.

Daha sonra Azərbaycanın və Yaponiyanın müvafiq qurumları
tərəfindən təqdimatlar edilib. Təqdimatlarda Azərbaycandakı
əlverişli investisiya mühiti, Azərbaycan İnvestisiya Holdinqinin,
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin, “SOCAR Green”
şirkətinin fəaliyyət istiqamətləri, SOCAR ilə Yaponiya
şirkətlərinin “Upstream” əməliyyatları üzrə əməkdaşlığı, TEPSCO
şirkətinin Azərbaycanda həyata keçirdiyi layihələr barədə
məlumatlar verilib.

Sonda Rövşən Nəcəf və Tetsuya Yamada Yaponiya və Azərbaycan
Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət
Komissiyasının 12-ci birgə iclasının və Yaponiya–Azərbaycan
İqtisadi Komitəsinin Protokolunu imzalayıblar.

İclas çərçivəsində, həmçinin Azərbaycan Respublikasının İxracın
və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə Yaponiya Biznes
Assosiasiyası ROTOBO arasında Əməkdaşlıq Memorandumu, Azərbaycan
Respublikasının Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli
Konfederasiyası ilə Yaponiya Biznes Assosiasiyası ROTOBO arasında
Əməkdaşlıq Memorandumu və Azərbaycan Respublikasının Sahibkarlar
(İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə Tairiku
Trading şirkəti arasında sənəd imzalanıb.