
Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə
Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində hərbi sursatların
aşkar edilməsi barədə məlumat daxil olub.
Trend
xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli
Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu
hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq
təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış
zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 13 ədəd
F-1 əl qumbarası, 12 ədəd UZRQM partladıcısı, 31 ədəd 7.62 mm-lik
və 30 ədəd 5.45 mm-lik mərmi olduğu müəyyən edilib.
Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən
zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı
başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

