“Azdrama”da qalmaqal: 10 nəfər niyə işdən çıxarılıb? – AÇIQLAMA + YENİLƏNİB + FOTO

Mədəniyyət


Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadənin bir qrup əməkdaşı teatrdan uzaqlaşdırması ilə bağlı məsələyə aydınlıq gətirilib.

Bu barədə resmixeber.az-a Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı məlumat verib.

Onun sözlərinə görə, Akademik Milli Dram Teatrında ədəbi hissə müdiri vəzifəsində çalışan Çingiz Ələsgərlinin əmək müqaviləsinə xitam verilməsi Əmək Məcəlləsinə uyğun şəkildə aparılıb:

“Əmək Məcəlləsinə əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir və 65 yaşına çatmış işçinin əmək müqaviləsi hər dəfə bir ildən çox olmayaraq uzadıla bilər. Çingiz Ələsgərlinin 65 yaşı 2017-ci ildə tamam olub. Ona 2023-cü ilin oktyabr ayınadək imkan yaradılıb ki, teatrda öz işini davam etdirsin.

65 yaşına çatmış işçinin əmək müqaviləsinə xitam verilməsi qanunvericiliyin tələbidir. Səadət xanım isə musiqi hissə müdiri vəzifəsində çalışıb və 65 yaşı ötən il tamam olub”.

Cavid Zeynallı fəhlə, mühəndis, dərzi, kostyumçu olan digər əməkdaşların işdən çıxarılma səbəbinin də yaşla əlaqədar olduğunu deyib.

15:12

Akademik Milli Dram Teatrının (“Azdrama”) bədii rəhbəri Mehriban Ələkbərzadə bir qrup əməkdaşı teatrdan uzaqlaşdırıb.

Bunu “Qaynarinfo”ya açıqlamasında teatrşünas Çingiz Ələsgərov deyib.

Onun sözlərinə görə, əməkdaşların işdən uzaqlaşdırılması Mədəniyyət Nazirliyinin teatra göndərdiyi məktub əsasında həyata keçirilib:

“Bizi yaşla əlaqədar teatrdan qovublar. Deyirlər ki, qocalmısınız, daha bəsdir, icazə verin, yerinizə cavanlar gəlsinlər. Teatrın bədii rəhbəri Mehriban Ələkbərzadə məni otağına çağırıb bildirdi ki, mədəniyyət naziri Adil Kərimli teatra məktub göndərib. Məktubda qeyd edib ki, yaşlı əməkdaşlar teatrdan çıxarılsınlar, yerinə cavanlar götürülsünlər. Mehriban xanım dedi ki, sizinlə işləmək istərdim, amma nazirin göstərişi var, heç nə edə bilmərəm. Musiqi hissə müdiri Səadət Qarabağlını çağırıb dedi ki, sizinlə işləmək istəmirəm. Məni və digər əməkdaşları işdən çıxarıblar. 45 ildir ki, mən bu sənətdəyəm, insanı birdən-birə bayıra atmazlar ki? İndi mən işləməsəm, necə dolanacağam? Yaşlı insanların təcrübəsi var, biz cavanlara öyrədə bilərik”.

Çingiz Ələsgərov mədəniyyət naziri Adil Kərimliyə müraciət edəcəyini də əlavə edib.

Nəzrin Vahid

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir